Kanada ABŞ-dən idxal olunan bəzi mallara yeni gömrük rüsumları tətbiq etməyə başlayıb. Təxminən 20 milyard dollar dəyərində ABŞ məhsulunu əhatə edən tariflər sentyabrın 8-dən qüvvəyə minib.
Kanada hökuməti bu rüsumları ABŞ Prezidenti Donald Tramp administrasiyasının proteksionist ticarət siyasətinə cavab olaraq tətbiq edib. Rüsumların qüvvəyə minməsi iki ölkə arasında yeni ticarət razılaşmasının əldə olunacağı ümidi ilə təxirə salınmışdı. Lakin danışıqlar nəticə verməyib və Kanada qarşı tədbirləri qüvvəyə mindirib.
Yeni rüsumların dərəcəsi 15%-dən 50%-dək dəyişir. Ən yüksək tariflər ABŞ istehsalı olan süd məhsullarının bəzi növlərinə, parfümeriya məhsullarına, videooyun konsollarına, qolf çubuqlarına, balıqçılıq çubuqlarına, polad, alüminium və bəzi geyim məhsullarına tətbiq olunacaq.
Pendir, xalça və bəzi məişət cihazları, o cümlədən elektrik plitələri və kondisionerlər üçün rüsum 25% müəyyənləşdirilib. Bəzi yükləyicilər və sənaye avadanlıqları üçün isə 15%-lik tarif tətbiq olunacaq.
Kanada əvvəlcə ABŞ-dən idxal olunan bəzi dəniz məhsullarına da 25%-lik rüsum tətbiq etməyi planlaşdırırdı. Lakin ölkənin xərçəngkimilər, xüsusilə omar istehsalçılarının etirazlarından sonra bu məhsullar siyahıdan çıxarılıb. İstehsalçılar belə bir addımın iki ölkə arasında formalaşmış təchizat zəncirini poza biləcəyini bildiriblər.
Yeni tariflər ABŞ-dən Kanadaya idxal olunan məhsulların yalnız bir hissəsini əhatə edir. Buna baxmayaraq, onların qüvvəyə minməsi iki qonşu və müttəfiq ölkə arasında davam edən ticarət mübahisəsinin daha da kəskinləşməsi kimi qiymətləndirilir.
ABŞ və Kanada arasında illik ticarət dövriyyəsinin 700 milyard dollardan çox olması fonunda yeni rüsumların hər iki ölkənin bizneslərinə və istehlak bazarına təsir göstərə biləcəyi gözlənilir.
MONETAR.AZ