Cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatları ilə bağlı müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, operativ və xətasız icrası təmin edilib. Xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra olunub.
Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat təşkil edib. Bu göstərici proqnozdan 780,2 milyon manat və ya 3 faiz çoxdur.
Dövlət büdcəsinə Dövlət Vergi Xidməti xətti ilə 12 milyard 619,1 milyon manat daxil olub. Bu məbləğ proqnozu 900,1 milyon manat və ya 7,7 faiz üstələyib.
Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 7,3 milyon manat və ya 23,8 faiz çoxdur. Sair daxilolmalar 462,5 milyon manat olmaqla proqnozu 77,1 milyon manat və ya 20 faiz üstələyib.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 8 milyard 559 milyon manat təşkil edib və proqnoz üzrə 100 faiz icra olunub.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 326,9 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat olub.
Yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri 22 milyard 770,6 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2,1 faiz çoxdur.
Cari ilin ilk səkkiz ayında icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri isə 26 milyard 967,5 milyon manat səviyyəsində icra olunub.