Misin qiyməti bu həftə ilk dəfə bir metrik ton üçün 15 min dollar həddinə çata bilər. Analitiklər bunu ABŞ-də açıqlanacaq mühüm iqtisadi göstəricilər və Prezident Donald Tramp administrasiyasının idxal tarifləri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda mümkün hesab edirlər.
London Metal Birjasında (LME) etalon misin qiyməti bir metrik ton üçün 14 779 dollara yüksələrək tarixi maksimuma çatıb. Bununla da qiymət ardıcıl dördüncü sessiyada artıb. Reuters-in məlumatına görə, LME-də üçaylıq misin qiyməti rəsmi ticarətdə 14 703 dollara yüksələrək yeni rekord müəyyənləşdirib.
“Panmure Liberum”un analitiki Tom Prays misin bu həftə 15 min dollar həddinə çatmasının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bazarda tariflərlə bağlı qeyri-müəyyənlik fonunda böyük həcmdə spekulyativ kapitalın olması qiymətin daha da yüksəlməsinə şərait yarada bilər.
ABŞ-nin 2027-ci ildən etibarən təmizlənmiş mis idxalına 15 faiz rüsum tətbiq etməsi, 2028-ci ildə isə bu tarifin 30 faizə yüksəldilməsi nəzərdə tutulur. Lakin bununla bağlı yekun qərar hələ qəbul edilməyib.
Tariflərlə bağlı qeyri-müəyyənlik ABŞ-yə böyük həcmdə mis axınına səbəb olub. Alıcılar mümkün yeni rüsumlardan əvvəl ehtiyat toplamağa çalışdığından COMEX anbarlarındakı ehtiyatlar rekord səviyyələrə yüksəlib. Eyni zamanda, LME və Çindəki ehtiyatların azalması qlobal bazarda təklifin regional baxımdan daha da sıxlaşmasına gətirib çıxarıb.
COMEX-də mis ehtiyatları 695 624 metrik tona çataraq rekord müəyyənləşdirib. Bunun əksinə, LME anbarlarında ehtiyatlar mayın sonundan etibarən təxminən 40 faiz azalıb, Şanxay Fyuçers Birjasında ehtiyatlar isə 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyələrdən birinə düşüb.
Beləliklə, ABŞ-də mümkün tariflərə hazırlıq məqsədilə misin ölkəyə yönəlməsi LME və Çin bazarlarında fiziki təklifi azaldır. ABŞ və digər bazarlar arasındakı qiymət fərqi isə arbitraj imkanlarını qoruyur və metalın ABŞ-yə axınını stimullaşdırır.
Mis qiymətlərinə əlavə dəstək verən amillər arasında mədən hasilatının azalması və uzunmüddətli tələbatın yüksək olaraq qalması da var. Xüsusilə elektrik şəbəkələri, süni intellekt məlumat mərkəzləri, elektrik avtomobilləri və bərpa olunan enerji infrastrukturu üzrə investisiyaların artması misə tələbatı gücləndirir.
MONETAR.AZ