Bakının mənzil bazarında alıcıların maliyyələşmə seçimlərində dəyişiklik müşahidə olunur. Güzəştli ipoteka imkanlarının məhdudluğu alıcıların standart ipoteka kreditlərinə, eləcə də tikinti şirkətlərinin daxili hissə-hissə ödəniş imkanlarına marağını artırır.
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 226,3 milyon manat məbləğində 2 242 ipoteka krediti verilib. Bunun 156,1 milyon manatı 1 418 adi ipoteka kreditinin, 70,2 milyon manatı isə 824 güzəştli ipoteka kreditinin payına düşüb.
Fond 2026-cı il üzrə adi və güzəştli ipoteka kreditləri üçün limitlərin ayrıldığını və müraciətlərin elektron sistem vasitəsilə qəbul edildiyini açıqlayıb. İpoteka kreditləri üzrə müraciətlər ayrılmış limitlər çərçivəsində qəbul olunur və limitlər başa çatdıqda proses dayandırılır.
Bu vəziyyətdə yeni tikililərdə tikinti şirkətlərinin təqdim etdiyi daxili kredit və hissə-hissə ödəniş imkanları alıcılar üçün alternativ maliyyələşmə mənbəyinə çevrilir. Xüsusilə ilkin ödəniş və ödəniş müddəti baxımından daha çevik şərtlər təklif edən layihələrə maraq artır.
Yeni tikililərlə yanaşı, çıxarışı olan hazır mənzillər də bank ipotekasından yararlanmaq istəyən alıcıların əsas seçimləri sırasında qalır. Fondun qaydalarına əsasən, ipoteka krediti dövlət qeydiyyatına alınmış yaşayış sahələrinin alınmasına yönəldilə bilər. Adi ipoteka üzrə minimum ilkin ödəniş 15 faiz, güzəştli ipoteka üzrə isə 10 faiz müəyyən edilib. Maksimum illik faiz dərəcələri müvafiq olaraq 8 və 4 faizdir.
Güzəştli ipoteka kreditlərinə tələbatın yüksək olması da bu maliyyələşmə alətinə çıxış imkanlarını məhdudlaşdıran əsas amillərdən biridir. 2026-cı ilin ilk yarısında Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən yararlananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Beləliklə, mənzil almaq istəyən vətəndaşların bir hissəsi güzəştli ipoteka üçün limit gözləmək əvəzinə kommersiya ipotekasına və tikinti şirkətlərinin daxili maliyyələşdirmə modellərinə üstünlük verir. Bu tendensiya xüsusilə yeni tikililər seqmentində mənzil satışlarının maliyyələşdirilməsində alternativ ödəniş mexanizmlərinin rolunu artırır.
MONETAR.AZ