"Jefferies" analitiklərinin qiymətləndirməsinə görə, Çin qlobal qızıl bazarında təsirini getdikcə daha sistemli şəkildə artırır. Mərkəzi Bankın davamlı alışları, ev təsərrüfatlarının investisiya tələbi, institusional investorların bazara cəlb olunması və yeni ticarət infrastrukturunun yaradılması qızıla olan tələbatı uzunmüddətli perspektivdə dəstəkləyən əsas amillər kimi qiymətləndirilir.
Çin Xalq Bankı ölkənin qızıl strategiyasının əsas hərəkətverici qüvvəsi olaraq qalır. Rəsmi qızıl ehtiyatları 2022-ci ilin noyabrında alışların bərpa olunduğu dövrdəki təxminən 1 950 tondan 2026-cı ilin iyul ayına qədər 2 366 tona yüksəlib.
2023-cü ildə Çin ehtiyatlarına təxminən 225 ton qızıl əlavə edib ki, bu da müşahidələr tarixində ən böyük illik artım hesab olunur. Alışlar 2026-cı ilin ikinci rübündə yenidən sürətlənib: həmin dövrdə təxminən 33 ton, təkcə iyul ayında isə daha 20 ton qızıl alınıb. Bu, 2023-cü ilin oktyabrından bəri ən yüksək aylıq göstəricidir.
Analitiklər hesab edirlər ki, rəsmi statistika faktiki alışları tam əks etdirməyə bilər. Fiziki istehlak, gömrük məlumatları, investisiya axınları və iri affinaj mərkəzlərinin ixrac statistikası əsasında aparılan hesablamalara görə, 2024-cü ilin yanvarından bəri rəsmi sektorun ümumi alışları təxminən 161,6 ton təşkil edib. Halbuki Çin Xalq Bankı bu dövr üzrə yalnız 130,9 ton qızıl alışı barədə hesabat təqdim edib. Bu isə təxminən 30 ton həcmində qeydə alınmamış alışların mövcud ola biləcəyini göstərir.
Qızıla tələbat təkcə Mərkəzi Bankla məhdudlaşmır. Ötən il Çin tənzimləyiciləri 10 sığorta şirkətinə aktivlərinin 1%-nə qədər hissəsini qızıla yatırmağa icazə veriblər. Bu təcrübənin genişləndirilməsi institusional investorlar tərəfindən uzunmüddətli əlavə tələbat formalaşdıra bilər.
Ev təsərrüfatlarının investisiya davranışında da dəyişiklik müşahidə olunur. Daşınmaz əmlak bazarındakı zəiflik, bank depozitləri üzrə gəlirliliyin azalması və fond bazarındakı yüksək dəyişkənlik fonunda vətəndaşlar qızılı daha etibarlı investisiya aləti kimi qiymətləndirirlər. Zərgərlik məmulatlarına tələbat müəyyən qədər azalsa da, külçələrə, qızıl sikkələrinə və qızıl ETF-lərinə maraq yüksək səviyyədə qalır.
"Jefferies"in məlumatına görə, Çində qızıl ETF-lərinə vəsait axını 2023-cü ildən etibarən kəskin sürətlənib. Xüsusilə "Huaan Yifu Gold" fondu idarəetməsində olan aktivlərin həcminə görə ölkənin ən iri ETF-lərindən birinə çevrilib.
Bununla yanaşı, Çin qlobal qiymətli metallar bazarındakı rolunu gücləndirmək üçün infrastruktur layihələrini də genişləndirir. Honkonqda yeni klirinq və hesablaşma sistemi, Şanxay Qızıl Birjası ilə inteqrasiya olunmuş tədarük mexanizmləri və ofşor anbar şəbəkəsi yaradılır.
Layihələr çərçivəsində Honkonqdakı qızıl anbarlarının tutumunun təxminən 200 tondan 2 000 tondan çox səviyyəyə çatdırılması planlaşdırılır. Analitiklərin fikrincə, bu addımlar Çinin yalnız qızıl istehlakçısı deyil, həm də metalın saxlanması, klirinqi, hesablaşmaları və beynəlxalq ticarətinin əsas qlobal mərkəzlərindən birinə çevrilmək niyyətini göstərir.
MONETAR.AZ