ABŞ sessiyasında WTI markalı neft fyuçerslərinin qiyməti yüksəlib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) oktyabr ayında tədarük ediləcək WTI markalı neft fyuçersləri 1,33% bahalaşaraq bir barel üçün 92,70 dollara çatıb. Gün ərzində qiymət 93,30 dollara qədər yüksəlib.
Hazırda WTI üçün 88,72 dollar səviyyəsi dəstək, 93,30 dollar isə müqavimət səviyyəsi kimi qiymətləndirilir.
ABŞ dollarının altı əsas valyutadan ibarət səbətə qarşı məzənnəsini əks etdirən dollar indeksi üzrə fyuçerslər isə 0,26% ucuzlaşaraq 98,89 bəndə enib.
ICE-də ticarət olunan digər əsas neft müqaviləsi üzrə də artım qeydə alınıb. Noyabr ayında tədarük ediləcək “Brent” markalı neft fyuçersləri 1,07% bahalaşaraq bir barel üçün 97,31 dollara yüksəlib. Beləliklə, Brent və WTI markalı neft müqavilələri arasındakı qiymət fərqi 4,61 dollar təşkil edib.
Neft qiymətlərinin yüksəlməsində Yaxın Şərqdə ABŞ və İran arasında gərginliyin kəskinləşməsi və regiondan neft tədarükünün mümkün pozulması ilə bağlı narahatlıqlar əsas rol oynayıb.
MONETAR.AZ