Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur

Azərbaycanda yağıntılı hava şəraiti

Sentyabrın 8-i saat 09:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olub.

Bakıda və Abşeron yarımadasında 30 millimetrədək yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 133 faizinə bərabərdir.

Rayonlarda ən çox yağıntı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabadda 10, Lənkəran və Şamaxıda 10 millimetr olub.

Xaltan, Tərtər və Lerikdə 9, Zərdabda 8, Lerik və Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qaxın Sarıbaş kəndində, Xınalıqda, Quba və Göyçayda 2 millimetrədək yağıntı düşüb.

Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ və Şabranda isə yağıntının miqdarı 1 millimetrədək təşkil edib.

Müşahidə olunan küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarından etibarən tədricən zəifləyib. Hazırda küləyin sürəti saniyədə 8–13 metr təşkil edir.