Hər il 8 sentyabr dünyada Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunur. Bu tarix 1951-ci ilin sentyabrında Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyasının yaradılması ilə bağlıdır. Sonradan, 1996-cı ildə Ümumdünya Fiziki Terapiya Konfederasiyası həmin günün Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.
Fizioterapiya müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında, eləcə də ağır xəstəliklər və travmalardan sonra orqanizmin bərpa prosesində mühüm rol oynayır. Bu sahə yalnız müalicəyə deyil, həm də insanların sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Fizioterapevtlər əsasən idman zədələrinin müalicəsi ilə məşğul olsalar da, onların fəaliyyəti bununla məhdudlaşmır. Fizioterapiya əməliyyatlardan, bədbəxt hadisələrdən və yol-nəqliyyat qəzalarından sonra reabilitasiya dövründə, xroniki ağrıların, nevroloji və tənəffüs sistemi pozğunluqlarının aradan qaldırılmasında geniş tətbiq olunur. Bundan əlavə, ürək-damar xəstəlikləri, şəkərli diabet, insult və piylənmənin profilaktikasında da fizioterapiya üsullarından istifadə edilir.
Müasir həyat tərzi, xüsusilə oturaq iş rejimi və davamlı stress əzələlərin uzun müddət gərgin qalmasına səbəb olur. Bu isə zaman keçdikcə qamət pozğunluqları, bel və boyun ağrıları, əzələ gərginliyi kimi problemlərin yaranmasına gətirib çıxarır. Fizioterapiya bu problemlərin aradan qaldırılmasına, zədələnmiş əzələlərin tədricən bərpasına, hərəkət imkanlarının yaxşılaşdırılmasına və ağrıların azaldılmasına kömək edir.
Mütəxəssislər bildirirlər ki, sağlamlıqla bağlı ciddi şikayət olmasa belə, profilaktik məqsədlə fizioterapevtə müraciət etmək faydalıdır. Vaxtında görülən profilaktik tədbirlər bir çox xəstəliklərin və hərəkət sistemi problemlərinin qarşısının alınmasına imkan yaradır.
MONETAR.AZ