Argentina millisinin keçmiş futbolçusu Karlos Teves həmyerlisi Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldunu vida matçında iştirak etməyə razı salıb. Qarşılaşmanın dekabr ayında Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilməsi planlaşdırılır. Tevesin sözlərinə görə, hər iki futbolçu onun dəvətini qəbul edib və eyni komandada çıxış edəcəklər.
“Mən həmişə Kriştianu və Leonu eyni komandada görməyi xəyal etmişəm. Onlar bütün zamanların ən böyük iki futbolçusudur. Mən onlarla əlaqə saxladım. Əvvəlcə Ronaldunun özünə zəng edib dedim: “Kriştianu, bütün dünyanın nəhayət bu sehrə valeh ola bilməsi üçün vida matçımda sənin və Leonun eyni komandada olmasını istəyirəm”. O, orada olacağını bildirdi. Leonu razı salmaq da çətin olmadı”, – “Foot Mercato” Tevesin sözlərini sitat gətirib.
Teves 2007–2009-cu illərdə “Mançester Yunayted”də Ronaldo ilə birlikdə çıxış edib. Bu müddətdə onlar iki dəfə İngiltərə çempionu olub və UEFA Çempionlar Liqasını qazanıblar. Messi ilə isə Teves 2005–2015-ci illərdə Argentina millisində komanda yoldaşı olub.
42 yaşlı Teves 2022-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. Onun vida matçında Messi və Ronaldudan başqa digər keçmiş komanda yoldaşlarının da iştirakı gözlənilir.
39 yaşlı Lionel Messi hazırda “İnter Mayami”də çıxış edir. Kriştianu Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusudur. Messi səkkiz, Ronaldo isə beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.
MONETAR.AZ