8 sentyabr Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur

8 sentyabr Beynəlxalq Savadlılıq Günü kimi

Bu əlamətdar gün UNESCO-nun təşəbbüsü ilə 1967-ci ildən etibarən qeyd edilir və məqsədi savadlılığın fərdlər, icmalar və bütövlükdə cəmiyyətin inkişafındakı mühüm roluna diqqət çəkməkdir.

Bu il Beynəlxalq Savadlılıq Günü “Çoxdilli təhsilin təşviqi: qarşılıqlı anlaşma və sülh üçün savadlılıq” devizi altında keçirilir.  Uşaqlar üçün oxuma və yazma bacarıqlarını ana dilində mənimsəmək daha asandır. Buna baxmayaraq, dünyada insanların təxminən 40 faizi danışdığı və ya başa düşdüyü dildə təhsil almaq imkanından məhrumdur.

Afrikada hər 10 uşaqdan 8-i məktəb təhsilinə evdə danışdığı dildən fərqli bir dildə başlayır. İnkişaf etməkdə olan ölkələrdə 10 yaşadək hər dörd uşaqdan üçü sadə mətni oxuyub anlama bacarığına malik deyil. Eyni zamanda, dünyada 754 milyon böyüklər arasında hələ də savadsızlıq mövcuddur və onların təxminən üçdə ikisini qadınlar təşkil edir.

Azərbaycanda isə savadlılıq səviyyəsi 100 faiz təşkil edir. Son illərdə təhsil sahəsinə dövlət dəstəyi daha da gücləndirilib, beynəlxalq standartlara uyğun islahatlar həyata keçirilir, yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası müasirləşdirilir və müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Beynəlxalq Savadlılıq Günü təhsilin, biliklərin və bərabər imkanların cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biri olduğunu bir daha xatırladır.

MONETAR.AZ