ABŞ-da təyyarə bileti olmadan hava limanının giriş zonasına keçməyə icazə verilir

ABŞ-da  təyyarə bileti olmadan hava limanının giriş zonasına

ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası (TSA) təyyarə bileti olmayan şəxslərin hava limanlarında təhlükəsizlik yoxlamasından keçərək qapıların yerləşdiyi əraziyə daxil olmasına imkan verən yeni proqramı istifadəyə verib. “Gateside by TSA PreCheck” adlanan proqram 11 sentyabr 2001-ci il terror hücumlarından sonra ciddi şəkildə məhdudlaşdırılan bu imkanın müəyyən sərnişinlər üçün bərpasını nəzərdə tutur.

Proqram ilkin mərhələdə ABŞ-nin 13 hava limanında, o cümlədən Los-Anceles Beynəlxalq Hava Limanı, Dallas-Fort-Uert Beynəlxalq Hava Limanı, Las-Veqasda Harri Rid Beynəlxalq Hava Limanı və Solt-Leyk-Siti Beynəlxalq Hava Limanında tətbiq edilir. Xidmət TSA PreCheck və digər uyğun etibarlı səyahət proqramlarının iştirakçıları üçün nəzərdə tutulub və pulsuzdur.

Proqramdan yararlanmaq istəyənlər planlaşdırılan səfərdən bir-üç gün əvvəl müraciət etməlidirlər. Təsdiq alan şəxslər hava limanında qəbul edilən şəxsiyyət sənədini təqdim etməklə TSA PreCheck zolaqlarından istifadə edə bilərlər. Ziyarətçilərə ayrıca fiziki və ya elektron keçid sənədi verilmir; onların təsdiqlənmiş statusu sistemdə yoxlanılır. Keçid bir təqvim günü ərzində qüvvədə olur və həmin gün ərzində yenidən girişə imkan verir.

Uşaqlar da proqramdan istifadə edə bilərlər. Bunun üçün onlar valideynin və ya qəyyumun müraciətinə daxil edilməlidirlər.

“Gateside” proqramı TSA PreCheck iştirakçılarına uçan və ya qarşılayan yaxınlarını hava limanının giriş zonasından yola salmaq və qarşılamaq, uzunmüddətli tranzit zamanı tanışları ilə görüşmək, həmçinin terminaldakı restoran və mağazalardan istifadə etmək imkanı verir.

Bununla belə, proqramın imkanlarından istifadə pik saatlarda məhdudlaşdırıla bilər. Hər hava limanı gündəlik keçid sayına məhdudiyyət tətbiq edə bilər və təsdiqlənmiş ziyarətçilər biletli sərnişinlərlə eyni təhlükəsizlik və davranış qaydalarına riayət etməlidirlər.

TSA proqramı yaxın aylarda digər ABŞ hava limanlarına da genişləndirməyi planlaşdırır.

MONETAR.AZ