Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi elan edib. İxtisas seçimi sentyabrın 8-dən 10-u saat 23:59-dək internet vasitəsilə aparılacaq.
Müsabiqədə iştirak etmək üçün qəbul imtahanında ümumi balı ən azı 50, Azərbaycan dili və ya rus dili fənni üzrə balı ən azı 20, riyaziyyat fənni üzrə isə ən azı 10 olan abituriyentlər ixtisas seçə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər buraxılır. Bu ixtisaslar üzrə fənlərə dair ayrıca bal məhdudiyyəti tətbiq edilmir.
İxtisas seçmək hüququ olan abituriyent dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçərək elektron ixtisas seçimi ərizəsini doldurmalı və təsdiqləməlidir. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı bu ardıcıllıq nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisaslar arasında ilk sırada göstərdiyi ixtisasa yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər seçə bilərlər. Bununla yanaşı, onlar həmin ixtisaslarla yanaşı digər ixtisasları da seçimlərinə daxil edə bilərlər.
Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Jurnalı DİM-in əsas inzibati binasından — Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanından, həmçinin “Abituriyent” satış məntəqəsindən — Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A ünvanından və kitab mağazalarından əldə etmək mümkündür. Nəşri “Abituriyent”in internet saytı və Wolt tətbiqi vasitəsilə də sifariş etmək olar.
Jurnalın elektron versiyasını PDF formatında “Abituriyent” saytında ödəniş etməklə əldə etmək mümkündür.