Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin bütün regionlarında dövlət qulluqçuları üçün təlimlərə start verib.
DİM-in əsas icraçı qurum kimi həyata keçirdiyi proqram çərçivəsində təlimlər 2026-cı ilin sonunadək Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq bütün regionları əhatə edəcək.
Sentyabrın 7-də başlayan ilk mərhələ çərçivəsində təlimlər 11 sentyabradək Naxçıvan şəhəri, eləcə də Ordubad, Şərur və Şahbuz rayonlarında keçiriləcək.
Təlimlərin ilk günündə DİM əməkdaşları tərəfindən dövlət qulluqçuları üçün aşağıdakı mövzularda sessiyalar təşkil olunub:
- Ünsiyyət bacarıqlarının inkişafı;
- Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi;
- Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası.
Sessiyalar zamanı iştirakçılara mövzular üzrə ətraflı məlumat təqdim edilib, praktiki müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
DİM-dən bildirilib ki, dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramı ilin sonunadək ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.