Noyabrın 19-da Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək.
Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşların dəstəyi ilə təşkil olunacaq.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, builki konfransın əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olacaq.
Texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklərin müzakirəsi üçün beynəlxalq platforma rolunu daşıyan tədbirdə tanınmış beynəlxalq ekspertlər, Azərbaycanda akkreditə olunmuş səfirlər və diplomatlar, həmçinin aidiyyəti beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlərə və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlərə qarşı mübarizə müzakirə olunacaq.
Bununla yanaşı, kiberməkanda etimadın formalaşdırılması və dövlətlərin məsuliyyətli davranışının təşviqi, kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Konfransın əsas məqsədi sürətlə dəyişən texnoloji və geosiyasi mühit fonunda kiberməkanın gələcəyinə dair regional və beynəlxalq baxışları müzakirə etmək, eləcə də dövlətlər, beynəlxalq təşkilatlar, ekspert dairələri və özəl sektor arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinə töhfə verməkdir.
Qeyd edək ki, Kiberdiplomatiya üzrə ilk Beynəlxalq Konfrans 2024-cü ildə Azərbaycanda keçirilib. Tədbirdə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndə iştirak edib.
ICCD 2026-nın Bakıda keçirilməsi Azərbaycanın kiberdiplomatiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafına verdiyi önəmi və bu istiqamətdə regional dialoq üçün platforma yaratmaq niyyətini nümayiş etdirir.