Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 12-də keçiriləcək rəqəmsal SAT imtahanı ilə bağlı iştirakçılar üçün vacib məlumatlar açıqlanıb. İmtahan DİM-in fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcək.
Namizədlər qeydiyyatdan keçdikləri test mərkəzinə diqqət yetirməli və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən ünvana yaxınlaşmalıdırlar.
İmtahan mərkəzləri Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129) və Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 ünvanlarında yerləşir.
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında olmalı və özləri ilə şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, “Admission Ticket” və “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet gətirməlidirlər. Cihaz adapterlə birlikdə olmalıdır.
Bu sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılara imtahana kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama vərəqləri isə imtahan mərkəzi tərəfindən təqdim olunacaq. Rəqəmsal SAT-ın riyaziyyat bölməsində kalkulyatordan istifadəyə icazə verilir və imtahan proqramında qrafik kalkulyator da mövcuddur.
Notbuk və ya planşetini imtahan mərkəzinə gətirməyən iştirakçı yalnız əvvəlcədən “College Board” vasitəsilə cihazla təmin olunmaq üçün sorğu göndərdiyi halda mərkəzdə cihaz ala bilər. Belə sorğu verməyən və öz cihazını gətirməyən şəxslər imtahana buraxılmayacaq.
12 sentyabr SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (“test set-up”) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra “Admission Ticket” onlayn qaydada təqdim edilir.
2026-cı ildə DİM-in test mərkəzlərində SAT imtahanlarının 12 sentyabr, 3 oktyabr, 7 noyabr və 5 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur.
SAT imtahanı ilə bağlı əlavə məlumat DİM-in rəsmi internet səhifəsində, həmçinin “College Board”un rəqəmsal SAT platformasında yerləşdirilib. Əlavə suallar üçün [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.