“AzerGold” qızıl yatağında qazma-partlayış əməliyyatı həyata keçirib

“AzerGold” qızıl yatağında qazma-partlayış əməliyyatı

“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Kəlbəcər rayonundakı “Söyüdlü” (Zod) yatağında istismar işlərinin növbəti mərhələsinə keçib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, yatağın istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. Əməliyyat təsdiq edilmiş texniki layihəyə və təhlükəsizlik tələblərinə uyğun icra olunub. Partlayışdan əvvəl təhlükəsizlik perimetri təmin edilib, xəbərdarlıq siqnalları verilib və ərazidə zəruri nəzarət tədbirləri görülüb. İşlər başa çatdıqdan sonra sahənin təhlükəsizliyi mütəxəssislər tərəfindən yoxlanılıb.

“AzerGold” 2025-ci ilin avqustundan etibarən “Söyüdlü” yatağında genişmiqyaslı geoloji tədqiqat və topoqrafik planlaşdırma işləri aparır. Şirkətin məlumatına görə, indiyədək yataqda ümumi dərinliyi 18 min metr olan buruq-qazma işləri həyata keçirilib. Geoloji tədqiqat və kəşfiyyat işlərinin nəticələrinə əsasən, yatağın çıxarıla bilən qalıq ehtiyatları beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarına uyğun olaraq 1,03 milyon unsiya həcmində qiymətləndirilib.

İlk partlayış əməliyyatı yataqdakı resursların iqtisadi dövriyyəyə cəlb edilməsi və mədənin aktiv istismar mərhələsinə keçidi istiqamətində mühüm addım hesab olunur.

Bununla yanaşı, “AzerGold” “Söyüdlü” mədənində müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlayıb. Mədənin geotexniki xüsusiyyətləri və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, yamacların dayanıqlığına fasiləsiz nəzarət etmək məqsədilə “GroundProbe SSR-OMNI” radar monitorinq sistemi işə salınıb.

Erkən xəbərdarlıq funksiyasına malik sistem mümkün riskləri əvvəlcədən müəyyənləşdirməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir. Bu texnologiyanın tətbiqi işçilərin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, eləcə də mümkün sürüşmələr nəticəsində yarana biləcək istehsalat fasilələrinin və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.

Yatağın istismara hazırlanması ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. “Söyüdlü” filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılan sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasından istifadənin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.

Mədənin istismara verilməsi Azərbaycanın dağ-mədən sektorunda istehsal potensialının artırılmasına, dövlət büdcəsinə daxilolmaların yüksəldilməsinə, eləcə də Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadi fəallığın dəstəklənməsinə imkan verəcək.

Hazırda “Söyüdlü” layihəsi üzrə, podratçı şirkətlər də daxil olmaqla, ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Dağ-mədən sənayesində xüsusi ixtisas, texniki bilik və iş təcrübəsi tələb edən vəzifələr üzrə yerli əmək bazarında uyğun namizədlərin məhdudluğu nəzərə alınaraq, digər regionlardan müvafiq ixtisas və təcrübəyə malik mütəxəssislər də layihəyə cəlb olunub.

Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. “Söyüdlü” mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.