2025-ci il martın 1-dən 2026-cı il fevralın 28-dək olan dövrdə ABŞ-nin Kubaya qarşı iqtisadi blokadasının ölkəyə vurduğu zərər 8,08 milyard dollar təşkil edib. Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya bildirib. Onun sözlərinə görə, bu, əvvəlki hesabat dövründə qeydə alınmış göstəricidən 7% çoxdur.
Parrilyanın sözlərinə görə, ABŞ-nin onilliklərdir davam edən blokadasının Kubaya vurduğu ümumi zərər cari qiymətlərlə 178,7 milyard dollara çatıb. Bununla yanaşı, yeni hesabatda ABŞ-nin yanvarın sonunda tətbiq etdiyi yanacaq blokadasının təsirinin yalnız məhdud hissəsi nəzərə alınıb.
Kuba XİN rəhbəri bildirib ki, ölkə iqtisadiyyatına ən ciddi təsir göstərən amillərdən biri enerji məhdudiyyətləridir. Onun sözlərinə görə, yanacaq tədarükünə qoyulan məhdudiyyətlər Kubaya yanacaq və digər zəruri yüklərin çatdırılmasını çətinləşdirir.
“Danışıqlarda irəliləyiş olmasa da, təmasları davam etdirmək niyyətindəyik. Danışıqlarımız olub və ABŞ ilə ünsiyyəti davam etdiririk. Lakin ABŞ tərəfindən siyasi iradənin olmaması səbəbindən danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb”, deyə Parrilya bildirib.
ABŞ-nin Kubaya qarşı iqtisadi embarqosu 1960-cı illərin əvvəllərindən qüvvədədir. Vaşinqton son dövrdə Havanaya qarşı təzyiqləri daha da gücləndirib və Kubaya neft tədarük edən ölkələrə qarşı əlavə tədbirlər tətbiq edib. Bu siyasətin adada ciddi enerji çatışmazlığına səbəb olduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp isə Kubada siyasi sistemin dəyişdirilməsinə nail olmağa çalışdığını bildirib. Avqustun sonunda o, Kubaya qarşı ticarət məhdudiyyətlərinin daha bir il müddətə, 14 sentyabr 2027-ci ilədək uzadılması barədə sərəncam imzalayıb.
MONETAR.AZ