Rusiya qlobal uran hasilatının 36 faizinə nəzarət edə bilər

Rusiya qlobal uran hasilatının 36 faizinə

Rusiya yaxın 15 il ərzində qlobal uran hasilatının 36 faizinə nəzarət edə bilər. “Financial Times”ın Strateji Üstünlük Mərkəzinin (Centre for Strategic Advantage – CSA) hesabatına istinadən yaydığı məlumata görə, bu ssenari yeni atom elektrik stansiyalarının artan tələbatı fonunda Qərbin enerji təhlükəsizliyi üçün ciddi risk yarada bilər.

Hesabata əsasən, Rusiya 2024-cü ildə dünyada hasil edilən uranın təxminən 5 faizini ölkə daxilində istehsal edib. Lakin CSA hesab edir ki, bu göstərici Rusiyanın qlobal uran bazarındakı real təsirini tam əks etdirmir. Xaricdə Rusiyanın nəzarət etdiyi mədənlər də nəzərə alındıqda, ölkənin dünya üzrə uran hasilatı güclərindəki payı 2024-cü ildə təxminən 25 faiz təşkil edib.

Rusiyanın dövlət nüvə şirkəti “Rosatom”un törəmə qurumu “Uranium One” Qazaxıstanda Rusiyadan kənarda ildə təxminən 10 min ton uran hasilatı gücünə nəzarət edir. Bundan başqa, şirkət Tanzaniya və Namibiyada yeni layihələr inkişaf etdirir. Moskva ötən il Nigerlə uran sahəsində əməkdaşlığın genişləndirilməsinə dair də saziş imzalayıb.

CSA-nın hesablamalarına görə, mövcud, təsdiqlənmiş, planlaşdırılan və perspektiv layihələrin hamısı nəzərdə tutulan gücdə fəaliyyətə başlayarsa, Rusiyanın qlobal uran hasilatındakı nəzarət payı 2040-cı ilə qədər 36 faizə yüksələ bilər.

Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, bu vəziyyət nüvə enerjisinə tələbatın sürətlə artdığı bir vaxtda Qərb ölkələrinin enerji təhlükəsizliyinə əlavə risk yarada bilər. Qlobal uran bazarında yeni mədənlərin yaradılmasına investisiyaların məhdud qalması və icazələrin alınmasının uzun vaxt aparması da təchizatla bağlı narahatlıqları artırır.

“2040-cı ilə qədər biz 2022-ci ildə Rusiya neft və qazından asılılığımıza bənzər şəkildə Rusiyanın hasil etdiyi urandan asılılıqla üzləşə bilərik”, – deyə CSA-nın xüsusi layihələr üzrə rəhbəri Qaret Heyvud bildirib.

Bununla belə, CSA Rusiyanın qlobal uran hasilatındakı potensial payının müəyyən ssenarilərdə daha aşağı ola biləcəyini də qeyd edir. Daha yüksək uran qiymətləri, Qazaxıstanda planlaşdırılan hüquqi dəyişikliklər və Qərbin Rusiyanın Afrikadakı layihələrinə çıxışını məhdudlaşdıran tədbirləri nəticəsində bu payın təxminən 14 faizə qədər azalması mümkündür.

MONETAR.AZ