Rusiya 2026-cı ilin ilk yeddi ayında Honkonqa təxminən 100 ton qızıl tədarük edib. “Financial Times”ın Honkonqun ticarət statistikasına istinadən yazdığına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çox olmaqla rekord göstəricidir.
Qərb sanksiyaları fonunda Honkonq Rusiya qızılının beynəlxalq bazarlara çıxarılmasında əsas mərkəzlərdən birinə çevrilir. Eyni zamanda Asiya maliyyə mərkəzləri ənənəvi olaraq London, Nyu-York və Dubayda cəmləşən qlobal qiymətli metal ticarətində daha böyük pay əldə etməyə çalışırlar.
Rusiya-Ukrayna münaqişəsi başlamazdan əvvəl Rusiyanın qızıl ixracının əsas istiqaməti Böyük Britaniya idi. 2021-ci ildə London Rusiyadan 15,4 milyard dollar dəyərində 266,1 ton qızıl alıb ki, bu da ölkənin ümumi qızıl ixracının 88 faizinə bərabər olub. 2022-ci ildə müharibənin başlaması və Qərbin Rusiya qızılına qarşı sanksiyalar tətbiq etməsindən sonra ixracın əsas istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri, Honkonq, Türkiyə və Çin olub.
London Fond Birjası Qrupunun analitiki Debacit Saha bildirib ki, London Rusiya qızılının idxalına qapılarını bağladıqdan sonra rusiyalı istehsalçılar ixracı getdikcə daha çox Şərq bazarlarına yönəldiblər.
“Financial Times”ın məlumatına görə, 2022-ci ilin əvvəlindən etibarən Honkonq strukturları ümumilikdə təxminən 276 milyard Honkonq dolları və ya 35 milyard dollar dəyərində Rusiya qızılı alıblar.
Honkonqa daxil olan qızılın böyük hissəsi isə son nəticədə materik Çinə göndərilir. Son iki ildə Honkonqun Çinin ümumi qızıl idxalındakı payı əhəmiyyətli dərəcədə artıb. LSEG analitiki Debacit Sahanın sözlərinə görə, materik Çin qızıl idxalına kvotalar tətbiq etdiyi üçün çinli alıcılar tez-tez külçələri məhdudiyyətlərin daha az olduğu Honkonqda alır və saxlayırlar.
Böyük Britaniyanın “Gatehouse” geopolitik məsləhət şirkətinin məsləhətçisi Vita Spivak hesab edir ki, Honkonqun Rusiya qızılının Çinə tədarükündə artan rolu Moskva ilə Pekin arasındakı iqtisadi münasibətlərin nəticəsidir. Onun fikrincə, Rusiya Çinin iqtisadi dəstəyi müqabilində xammal resurslarının tədarükünü artırır.
Çin dünyanın ən böyük qızıl istehsalçısı və istehlakçısıdır, Rusiya isə istehsal həcminə görə ikinci yerdədir. Çində həm pərakəndə investorların, həm də qızıl ehtiyatlarını artıran mərkəzi bankın tələbi yüksək olaraq qalır.
Bu şəraitdə Honkonq qiymətli metal ticarəti üzrə infrastrukturunu da genişləndirir. Şəhər iyul ayında qızıl əməliyyatlarının klirinqi üzrə yeni sistemin sınaqlarına başlayıb. Honkonq Sinqapurla birlikdə qızılın ticarəti və saxlanılması üzrə Asiyanın əsas mərkəzlərindən birinə çevrilməyə çalışır və mərkəzi bankları qiymətli metal ehtiyatlarını şəhərdəki anbarlarda saxlamağa cəlb edir.
Eyni zamanda Fransa və Niderland da daxil olmaqla bir sıra ölkələrin mərkəzi bankları London və Nyu-Yorkda saxlanılan qızıl ehtiyatlarının bir hissəsini geri qaytarmağa başlayıblar. Yaxın Şərqdə davam edən münaqişənin Dubayda logistika problemləri yaratması da Honkonqun qızıl ticarətindəki rolunu gücləndirən amillərdən biri kimi qiymətləndirilir.
Bununla belə, Rusiya qızılının Honkonq üzərindən artan həcmlərdə dövriyyəyə daxil olması şəhərin beynəlxalq maliyyə sektoru üçün əlavə sanksiya riskləri yaradır. Analitiklərin fikrincə, Qərb bankları və qızıl emalı müəssisələri üçün xarici sanksiya qanunvericiliyinə riayət etmək belə şəraitdə daha mürəkkəb olur.
ABŞ Maliyyə Nazirliyi 2024-cü ildə Rusiya ilə əlaqəli qızılın yuyulması şəbəkəsində iştirak etdikləri bildirilən bir neçə Honkonq strukturuna qarşı sanksiyalar tətbiq edib.
“Reed Smith” hüquq firmasının sanksiyalar üzrə mütəxəssisi Tan Albayrak bildirib ki, Qərb bankları belə əməliyyatlara bilmədən cəlb olunmaq riski ilə üzləşirlər. Onun sözlərinə görə, sövdələşmələr zəncirində sanksiya tətbiq olunan istehsalçının iştirak etməsi dolayı əlaqə riskini də yaradır.
Rusiya qızılının sanksiya tətbiq edilməyən ölkələrdən gələn qızıl ilə qarışdırılması ehtimalı ilə bağlı Honkonqun Maliyyə Xidmətləri və Xəzinədarlıq Bürosu “Financial Times”a bildirib ki, yeni klirinq sisteminin iştirakçıları çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə qaydalarına əməl etməlidirlər. Honkonq Qızıl Birjası və ABŞ Maliyyə Nazirliyi isə qəzetin sorğusuna cavab verməyib.
MONETAR.AZ