2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərin əsasən "Bank BTB" ASC-nin gəlirləri artsa da bank diversifikasiya problemləri ilə üz-üzədir. Ümumi gəlirlərin demək olar ki, hamısının yalnız bir mənbədən formalaşması bankın dayanıqlığı üçün riskli hesab oluna bilər.
Ötən il "Bank BTB" bütün mənbələrdən 33 milyon 784 min manat gəlir əldə edib ki, bu da 2024-cü illə müqayisədə 5,1 % artım deməkdir. İlk baxışda müsbət görünən bu artımın daxili strukturuna nəzər saldıqda, bankın fəaliyyətində bəzi "axsaq" məqamlar diqqəti çəkir.
Bankın gəlirlərinin 95 %-i (31 milyon 951 min manat) birbaşa kredit portfeli üzrə faizlərdən formalaşır. 2024-cü ildə bu göstərici 90 % idi. Müasir bankçılıq standartlarına görə, gəlirlərin tək bir sahədə cəmləşməsi (konsentrasiya riski) bankı bazar sarsıntılarına qarşı həssas edir. Kredit bazarında hər hansı daralma və ya problemli kreditlərin artması bankın gəlirlərini birbaşa çökdürə bilər.
Statistikada ən diqqətçəkən neqativ tendensiya bankın "Digər faiz gəlirləri"ndə qeydə alınıb. 2024-cü ildə bu mənbədən 2,16 milyon manat daxil olduğu halda, 2025-ci ildə bu rəqəm cəmi 574 min manata düşüb. Bu sahədə 3,8 dəfəlik azalma ümumi gəlir artımının sürətini kəskin şəkildə zəiflədib.
"Bank BTB" rəqəmsal bankçılıq və maliyyə bazarları dövründə bir çox mühüm sahələrdən tamamilə kənarda qalıb. Bankın qiymətli kağızlar bazarından gəliri sıfıra bərabərdir. Əksər bankların əsas qazanc yerlərindən biri olan valyuta mübadiləsindən gəlir qeydə alınmayıb. Komissiya haqları cəmi 3 % faiz təşkil edir. Bu, bankın xidmət şəbəkəsinin və qeyri-kredit məhsullarının (kartlar, köçürmələr və s.) zəif inkişaf etdiyini göstərir.
"Bank BTB" 2025-ci ili yalnız kreditləşmənin hesabına mənfəətlə başa vura bilib. Lakin investisiya qiymətli kağızları, valyuta əməliyyatları və depozit yerləşdirmələrindən gəlirin olmaması bankın passiv idarəetmə modelindən xəbər verir.
MONETAR.AZ