ABŞ prezidenti Donald Tramp idxal olunan polad, alüminium və misə tətbiq edilən rüsumların artırılması barədə fərman imzalayıb. Qərar milli təhlükəsizlik səbəbləri ilə əsaslandırılıb.
Yeni qaydalara əsasən, Section 232 tariffs çərçivəsində metallara rüsumlar artıq məhsulun tam dəyəri üzrə hesablanacaq. Tamamilə və ya əsasən polad, alüminium və ya misdən hazırlanan məhsullar — məsələn, polad rulonlar və alüminium təbəqələr 50% sabit rüsumla vergiyə cəlb olunacaq.
Bu metallardan geniş istifadə olunan törəmə məhsullara isə 25% rüsum tətbiq ediləcək. Metallara əsaslanan sənaye və elektrik şəbəkəsi avadanlıqları üçün isə 2027-ci ilə qədər 15% rüsum müəyyən edilib ki, bu da ölkə daxilində sənaye genişlənməsini dəstəkləmək məqsədi daşıyır.
ABŞ mənşəli polad, alüminium və misdən istifadə edilərək xaricdə istehsal olunan məhsullar üçün rüsum 10% olacaq. Tərkibində bu metallardan 15%-dən az olan məhsullar isə artıq bu proqram çərçivəsində rüsumdan azad ediləcək.
Məlumata görə, ABŞ 2025-ci ildə polad istehsalına görə dünyada üçüncü yerə yüksəlib. Bu artım Donald Tramp-ın tətbiq etdiyi tarif siyasəti ilə əlaqələndirilir. Ölkədə uzun fasilədən sonra yeni polad zavodlarının tikintisinə başlanılıb və yaxın iki ildə 4 milyon tondan çox yeni istehsal gücünün istifadəyə verilməsi gözlənilir.
Bundan əlavə, Century Aluminum və Emirates Global Aluminium birgə müəssisə yaradaraq Oklahomada yeni alüminium zavodu tikməyi planlaşdırır. Eyni zamanda Rio Tinto kimi şirkətlər ABŞ-da mis hasilatı və emalı sahəsində fəaliyyətlərini genişləndirir.
Qeyd edək ki, Donald Tramp ilk dəfə bu rüsumları prezidentliyinin əvvəlki dövründə tətbiq etmişdi və sonrakı illərdə onları mərhələli şəkildə sərtləşdirib.
MONETAR.AZ