Xarici şoklara hazırlıq: Mərkəzi Bankın ehtiyatları 11,6 milyardı keçdi

Xarici şoklara hazırlıq:

Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta aktivlərinin həcmi fevral ayında da artmağa davam edib. Ölkənin əsas pul-kredit tənzimləyicisinin ehtiyatları həm aylıq, həm də illik müqayisədə artıb.  2026-cı il martın 1-nə bankın valyuta ehtiyatları 11 milyard 614,1 milyon ABŞ dolları səviyyəsinə çatıb.

Fevral ayı üzrə valyuta ehtiyatlarında 0,4 faiz artım olub ki, bu da 46,2 milyon dollar deməkdir. İlin əvvəlindən isə artım 0,9 faiz təşkil edib və ehtiyatlar 104,2 milyon dollar artıb. Son 1 il ərzində isə ehtiyatlar 5,7 faiz və ya 627,1 milyon dollar yüksəlib.

Valyuta ehtiyatlarının artması manatın məzənnəsinin sabitliyinin qorunması və ölkənin xarici şoklara qarşı "təhlükəsizlik yastığı"nın güclənməsi baxımından böyük strateji əhəmiyyətə malikdir. Cari göstəricilər ölkənin makroiqtisadi dayanıqlılığının yüksəldiyini göstərir və son illərin ən yüksək səviyyələrindən biridir.

AMB-nin ehtiyatlarının 11,6 milyard dolları keçməsi ölkənin idxalını uzunmüddətli dövrdə sığortalamaq və monetar sabitliyi təmin etmək üçün kifayət qədər imkanlara malik olduğunu təsdiqləyir. İllik 5,7 faiz artım isə xarici ticarət balansının müsbət olması və valyuta bazarında tələb-təklifin balansda qalmasının nəticəsidir.

MONETAR.AZ