Parisdə özbək bankiri oğurlanıb – 10 milyon dollar tələb olunub

Parisdə özbək bankiri oğurlanıb –
4 İyul 2025 09:26

Parisdə Özbəkistanın “Anorbank” bankının müşahidə şurasının üzvü və səhmdarı Kaxramonjon Olimov silahlı şəxslər tərəfindən oğurlanıb. Fransanın nüfuzlu “Le Monde” nəşrinin yaydığı məlumata görə iş adamı bir neçə gün fiziki və psixoloji zorakılığa məruz qalıb və azad olunmaq üçün külli miqdarda pul ödəyib.

Olimov  Parisə İstanbul üzərindən səfər edib. Ertəsi gün yerli barda tanış olduğu və özünü “Anastasiya” kimi təqdim edən bir qadının dəvəti ilə 23 iyunda restorana gedib. Görüşdən bir neçə dəqiqə sonra onu 3 nəfər zorla avtomobilə mindirərək şəhər kənarındakı xüsusi evə aparıblar.

Daha sonra iş adamı Nitsa şəhərində yerləşən villanın zirzəmisinə köçürülüb. O, burada döyülüb, edam səhnəsi imitasiyası və barmağının kəsilməsi ilə təhdid olunub. Cinayətkarlar onu videoya çəkərək üzr istəməyə məcbur ediblər. Əlavə olaraq, zorakılıqla üzləşəcəyi bildirilib.

Cinayətkar dəstə Olimovdan 10 milyon ABŞ dolları tələb edib. İş adamı isə 5 milyon dollar məbləğində borc sənədi imzalayıb, 200 min dolları isə sürücüsü vasitəsilə Taşkentdən köçürüb. Bundan sonra azad edilib və Parisə dönərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisə ilə bağlı “Anorbank” tərəfindən yayılan açıqlamada bildirilir ki, bu hadisə bankın fəaliyyəti ilə əlaqəli deyil və şəxsi xarakter daşıyır.

Fransa polisi hadisə ilə bağlı istintaqa başlayıb. 1 iyulda Nitsada bir Türkiyə vətəndaşı mütəşəkkil cinayətkar dəstənin tərkibində adam oğurluğunda şübhəli bilinərək saxlanılıb. Bankir hazırda Daşkəndə qayıdıb və şəxsi mühafizə ilə təmin olunub.

MONETAR.AZ


Oxşar xəbərlər