Ford 255 mindən çox avtomobili geri çağırır

Ford 255 mindən çox avtomobili

ABŞ-nin avtomobil nəhəngi "Ford Motor" şirkəti, bəzi idman-kompakt modellərində hərəkət zamanı mühərrikin qəfil sönməsinə yol aça biləcək ciddi bir mexaniki qüsur səbəbindən ölkə daxilində 255 404 ədəd avtomobili təcili olaraq servis mərkəzlərinə geri çağırdığını elan edib. ABŞ Milli Avtomobil Yollarında Hərəkət Təhlükəsizliyi Administrasiyası (NHTSA) bu nasazlığın qəza riskini əhəmiyyətli dərəcədə artırdığını rəsmən təsdiqləyib.

Geri çağırılma kampaniyası, əvvəllər keçirilmiş servis tədbirləri zamanı lazımi səviyyədə və düzgün təmir olunmayan müəyyən buraxılış illərinə aid Ford Focus modellərini əhatə edir. Avtomobilin emissiya sisteminə aid olan adsorberin purj klapanında mexaniki qüsur qeydə alınıb.

Klapanın nasaz işləməsi birbaşa nəqliyyat vasitəsinin yanacaq sistemində qeyri-bərabər təzyiq dalğalanmaları formalaşdırır. Bu isə yanacaq ötürülməsini bloklayaraq mühərrikin yolda, xüsusən də yüksək sürətlə hərəkət edərkən qəfildən dayanmasına (stop etməsinə) rəvac verir.

"Ford" şirkətinin rəsmi diler şəbəkəsi qüsuru aradan qaldırmaq üçün avtomobilləri qəbul etməyə başlayıb. Servis çərçivəsində güc aqreqatının idarəetmə modulunun (PCM) proqram təminatı yenilənəcək və lazım gəldikdə klapan modifikasiya ediləcək.

 "Ford" şirkəti geri çağırılma siyahısına düşən bütün avtomobillərin diaqnostikasını və proqram təminatının yenilənməsi prosesini tamamilə ödənişsiz (pulsuz) həyata keçirəcək. Avtomobil sahiblərinə dilerlər tərəfindən rəsmi bildiriş məktublarının göndərilməsinə başlanılıb.

Xüsusilə ABŞ bazarından gətirilən (və ya "Amerikanka" olaraq adlandırılan) Ford Focus sahiblərinin avtomobilin şassi nömrəsini (VIN kod) NHTSA rəsmi bazasında yoxlatmaları və bu xroniki problem üzrə əvvəlki servis tarixçəsinə diqqət yetirmələri tövsiyə olunur.

MONETAR.AZ