Qlobal aviasiya nəhəngi Boeing, istehsalat böhranları və işçi tətillərindən sonra yenidən öz ritmini tapmağa çalışır. Şirkətin açıqladığı son rəsmi hesata görə, 2026-cı ilin may ayında müştərilərə 60 təyyarə təhvil verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33%-lik ciddi artım deməkdir.
Lakin bu sıçrayış belə, ABŞ korporasiyasını avropalı əzəli rəqibi Airbus-ın kölgəsindən çıxarmağa yetməyib — eyni ayda Airbus göylərə tam 81 yeni təyyarə yola salıb.
May ayı tədarüklərinin aslan payı — 53 ədədi Boeing-in ən çox satılan dar gövdəli modeli olan 737 MAX-ın payına düşüb. Bu rəqəm, 2024-cü ilin dekabrında baş verən kütləvi tətil səbəbindən istehsalın tamamilə dayanmasından sonra qeydə alınan ən yüksək aylıq göstəricidir.
Şirkət rəhbərliyi yaranmış qlobal tələbi qarşılamaq üçün yay aylarında 737 xətti üzrə aylıq istehsal tempini 42-dən 47 təyyarəyə çatdırmağı hədəfləyir.
Hava yollarının təyyarə növbəsinə durduğu indiki dövrdə Boeing-in ən böyük sığortası onun nəhəng sifariş portfelidir. May ayının sonuna olan məlumata görə, şirkətin icra olunmağı gözləyən tam 6 178 təyyarəlik sifariş paketi var.
Bu nəhəng rəqəm onu sübut edir ki, texniki və hüquqi problemlərə baxmayaraq, dünya aviaşirkətləri hələ də Boeing platformasına güvənirlər. Şirkətin qarşıdakı illərdə istehsal yükü maksimum səviyyədə qalacaq; əsas məsələ bu nəhəng sifariş dağını keyfiyyət standartlarını pozmadan, vaxtında göylərə qaldıra bilməkdir.
MONETAR.AZ