Renault-un elektromobil sifarişləri 50 faiz artdı

Renault-un elektromobil sifarişləri

Yaxın Şərqdə alovlanan müharibə və Hörmüz boğazındakı blokada səbəbindən ənənəvi yanacaq qiymətlərinin kəskin yüksəlməsi, Avropada elektromobillərə (EV) olan keçid prosesini gözlənilmədən sürətləndirib. Fransanın avtomobil nəhəngi Renault Group rəsmi olaraq bəyan edib ki, hərbi münaqişənin başladığı dövrdən bəri şirkətin əsas strateji bazarlarında elektromobillərə olan sifarişlərin həcmində 50%-lik sıçrayış qeydə alınıb.

Çərşənbə günü verdiyi müsahibədə bu barədə məlumat verən Renault Group-un baş icraçı direktoru Fransua Provost (François Provost) bildirib ki, sifarişlərin kütləvi artımı xüsusilə şirkətin iki ən böyük regional bazarı olan Fransa və Almaniyada müşahidə olunur.

Qlobal avtomobil sənayesinin əksər nümayəndələri litium-ion batareyalarının və kritik xammalların (məsələn, nikel və kobalt) tədarükündə logistik çətinliklərlə üzləşsə də, Renault bu mərhələni uğurla keçir. Fransua Provost qeyd edib ki, Renault Group akkumulyator tədarükü və batareya elementlərinin logistikası ilə bağlı hazırda heç bir böhran və ya qıtlıq yaşamır.

 Əsas problem xammalda deyil, zavodların daxili istehsal gücündədir. Tələbatın qısa müddətdə 50% artması montaj xətlərinin (konveyerlərin) iş yükünü maksimuma çatdırıb və sifarişlərin müştərilərə vaxtında çatdırılması (delivay müddəti) üçün çətinliklər yaradıb.

Ekspertlər hesab edirlər ki, neft idxalından asılı olan Avropa nəqliyyat sektoru üçün bu böhran "geridönüşü olmayan nöqtə" ola bilər. Renault-un çevik davranaraq tədarük zəncirini qoruması, şirkətə bu məcburi "yaşıl dalğada" Volkswagen və Stellantis kimi rəqiblərini qabaqlamaq üçün böyük strateji üstünlük qazandırır.

MONETAR.AZ