Dövlət sahibkarların maliyyəyə çıxışını asanlaşdırır - Eldəniz Əmirov

Dövlət sahibkarların maliyyəyə çıxışını asanlaşdırır -

Dünən daha bir vacib fərman imzanlandı.

 Belə ki, indiyə qədər sahibkarlara verilən kreditlər üzrə dövlət zəmanəti və faiz subsidiyasını İpoteka və Kredit Zəmanət Fondu verirdisə, artıq yeni fərmana əsasən bu səlahiyyətlər Azərbaycan Biznesinin İnkişafı Fonduna keçir.

 Burada məsələyə bir neçə aspektdən yanaşmaq olar. Əvvəla, mahiyyət etibarilə bu səlahiyyətlərin bir qurumdan digərinə ötürülməsini düzgün addım hesab edirəm. Ona görə ki, kredit zəmanəti və faiz subsidiyası mexanizmləri birbaşa sahibkarlığın inkişafına xidmət edən alətlərdir və onların bu sahə üzrə ixtisaslaşmış qurum tərəfindən idarə olunması daha çevik qərarların qəbuluna, resursların daha səmərəli yönləndirilməsinə və sahibkarların ehtiyaclarına daha operativ cavab verilməsinə imkan yarada bilər.

 O ki qaldı yeniliklərə, burada ən vacib və doğru məqam  2026-cı ildən etibarən bu mexanizmin Bakı və Abşeronda deyil, digər rayon və şəhərlərdə tətbiq edilməsidir. Yəni regionlara fokuslanma ilkin olaraq 2030-cu ilin sonuna qədər pilot layihə kimi işləyəcək.

 Şərtlərə gəldikdə isə əgər sahibkar kredit götürürsə və faiz dərəcəsi maksimum 13%-dirsə, onda kredit faizinin yarısını dövlət ödəyəcək.  Məsələn, kredit faizi 12%-dirsə, onda dövllət bunun 6%-ni ödəyir. Yəni faiz yükü iki dəfə azalır.

 Digər önəmli məsələ, əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək. Həmçinin yeni qaydaya görə işğaldan azad olunmuş ərazilərdə kreditin 90%-dək hissəsinə zəmanət verilə bilər.  Digər rayonlarda kreditin 50%-dək hissəsinə zəmanət verilə bilər.  Bu da bankların kredit verməsini asanlaşdırır.

Amma dövlət zəmanəti verilən kreditlərin ümumi məbləği 5 milyon manatı keçməməlidir. Əlaqəli şirkətlər qrupu üzrə isə maksimum 10 milyon manatdır.

 Əlqərəz, bu fərmanla dövlət istəyir ki, regionlarda biznes qurmaq asanlaşsın, sahibkarlar daha ucuz kredit ala bilsin, girov problemi olan sahibkarlar maliyyəyə çıxış əldə etsin, Bakıdan kənarda investisiyalar artsın.

 Hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzu olunan səviyyədən aşağıdır. İqtisadi fəallığın və maliyyə resurslarının əhəmiyyətli hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Bu baxımdan regionlarda sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirən, investisiya qoyuluşlarını təşviq edən və biznes aktivliyini artıran hər bir qərar xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu fərman da məhz regionların iqtisadi potensialının daha dolğun reallaşdırılmasına xidmət edən mühüm addımlardan biridir.

Eldəniz Əmirov

İqtisadçı