Azərbaycanın xarici dövlət borcunun həcmində azalma tendensiyası davam edir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu il iyunun 1-nə ölkənin xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü (1 iyun) ilə müqayisədə 8 % azdır.
Ölkənin xarici borc öhdəliklərinin optimallaşdırılması dinamikası aylıq müqayisədə də özünü büruzə verir. Belə ki, təkcə cari ilin may ayı ərzində Azərbaycanın xarici dövlət borcu daha 36 milyon ABŞ dolları azalıb.
Qeyd edək ki, borcun azaldılması və daxili resurslara üstünlük verilməsi strategiyası ötən il də uğurla icra edilib. Ötən ilin yekunlarına əsasən, ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollarına (8 milyard 183 milyon manata) düşmüşdü.
Ekspertlər bildirirlər ki, xarici borcun mütəmadi olaraq restrukturizasiya edilməsi və vaxtı çatmış əsas borc ödənişlərinin vaxtında icra olunması Azərbaycanın qlobal maliyyə sistemindəki dayanıqlığını gücləndirir və ölkəni dünyada dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələrdən birinə çevirir.
MONETAR.AZ