ÜDM artımı dayanıb, istehlak yüksəlir: iqtisadiyyatda maraqlı tendensiyalar

ÜDM artımı dayanıb, istehlak yüksəlir:

Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-may ayları üzrə dərc etdiyi makroiqtisadi hesabat ölkə iqtisadiyyatında maraqlı bir keçid dövrünün başladığını göstərir. Rəsmi rəqəmlərə əsasən, hesabat dövründə ölkədə ÜDM-in həcmi 51 milyard 783,8 milyon manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə tamamilə dəyişməz (0%) qalıb.

Yanvar-aprel aylarında qeydə alınan cüzi 0,2 %-lik artımdan sonra may ayında artım tempinin sıfırlanması iqtisadi artımın zəiflədiyini təsdiqləyir. Lakin ən çox diqqət çəkən məqam budur: İqtisadiyyatın ümumi həcmi böyümədiyi halda, əhalinin pərakəndə ticarət dövriyyəsi 3,8% artaraq 25,5 milyard manatı ötüb. İqtisadiyyat artmırsa, əhali xərcləmələrini necə artırır?

Neft sektorunun "çəkisi" real mənzərəni gizlədir

ÜDM-in yerində saymasının əsas səbəbi neft-qaz sektorundakı geriləmənin dərinləşməsidir. Yanvar-may aylarında bu sektorda yaradılan əlavə dəyər 1 % azalıb (yanvar-apreldə azalma 0,9% idi). Neft hasilatının təbii azalması ümumi ÜDM-in riyazi göstəricisini aşağı çəksə də, bu proses əhalinin gündəlik gəlirlərinə birbaşa təsir etmir. Çünki neft gəlirləri dövlətin xarici aktivlərində və büdcə rəflərində cəmləşir. Beynəlxalq reytinq agentliyi "Fitch"in də qeyd etdiyi kimi, qlobal bazarlarda enerji qiymətlərinin yüksək səviyyədə qalması rəsmi Bakının manatın məzənnəsini sabit saxlamasına və daxili bazara sosial transfertləri davam etdirməsinə imkan verir.

Xidmət sektoru və kənd təsərrüfatı istehlakı qidalandırır

Makroiqtisadi göstəricilər göstərir ki, ümumi ÜDM üzrə artımın dayanmasına baxmayaraq, iqtisadiyyatın daxili tələbat və xidmət sektorlarına söykənən qeyri-neft-qaz seqmentində müsbət dinamika qorunub saxlanılır. Yanvar–may aylarında qeyri-neft-qaz ÜDM-i 35,7 milyard manata çataraq 0,4 faiz artıb. Xüsusilə informasiya və rabitə sektoru 10,1 faizlik artımla 1,6 milyard manatı ötərək ən sürətlə inkişaf edən sahələrdən biri olub. Nəqliyyat və anbar təsərrüfatında artım tempi əvvəlki aylarla müqayisədə sürətlənərək 6,8 faizə yüksəlib və xidmətlərin həcmi 6,2 milyard manatı keçib. Kənd təsərrüfatında da müsbət dinamika müşahidə olunub. Yaz mövsümünün aktivləşməsi fonunda sahə üzrə istehsal 2,3 faiz artaraq 4 milyard manata yaxınlaşıb.

Yüksək texnologiyalar, nəqliyyat-loqistika və aqrar sektor daha çox insan kapitalı və canlı əmək qüvvəsi tələb edən sahələrdir. Bu sektorların böyüməsi əhalinin faktiki gəlirlərinin (əməkhaqqı, sahibkarlıq qazancları) artmasına və dərhal pərakəndə ticarət şəbəkəsinə yönəlməsinə səbəb olur.

İnvestisiya qoyuluşlarının azalması istehlaka rəvac verir

Hesabatın bəlkə də ən narahatlıq doğuran, lakin istehlakın artımını izah edən bəndi investisiya dinamikasıdır. Yanvar-may aylarında əsas kapitala yönəldilmiş investisiyalar 2,1%, qeyri-neft-qaz sektoruna investisiyalar isə kəskin şəkildə 14,7 % azalıb. Yanvar-aprel aylarında investisiyalarda 2,6%-lik artım var idi, yəni may ayında kapital qoyuluşları mənfi zonaya keçib.

İqtisadi məntiqlə, investisiyaların azalması o deməkdir ki, həm dövlət, həm də özəl sektor vəsaitləri uzunmüddətli, dondurulmuş layihələrə (zavod tikintisi, infrastruktur, binalar) yönəltmək əvəzinə, cari xərclərə saxlayır. Bu restrukturizasiya nəticəsində sərbəst qalan pul kütləsi qısamüddətli dövrdə dövriyyəyə daxil olaraq pərakəndə ticarəti və xidmət sferasını stimullaşdırır. Biznes gələcəyə böyük sərmayə qoymaqdan çəkinsə də, hazırda daxili bazarda nağd pulun aktiv dövriyyəsini təmin edir.

Azərbaycan iqtisadiyyatı 2026-cı ilin ilk 5 ayında "istehsal durğunluğu, lakin istehlak aktivliyi" fazasını yaşayır. Qeyri-neft sənayesinin 5,8 %-lik sabit artımı və daxili xidmətlər sektorunun dinamikası əhalinin alıcılıq qabiliyyətini qoruyur. Bununla belə, ÜDM artımının sıfırlanması və investisiya fəallığının kəskin zəifləməsi siqnal verir ki, dayanıqlı artım tempini bərpa etmək üçün qeyri-neft sektoruna kapital axınını yenidən aktivləşdirmək hökumətin yaxın aylardakı əsas prioriteti olmalıdır.

MONETAR.AZ