2026-cı ilin yanvar–may aylarında Azərbaycanın makroiqtisadi göstəriciləri açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin dövrdə ümumi daxili məhsul (ÜDM) 51 milyard 783,8 milyon manat təşkil edib və real artım 0,0 faiz səviyyəsində qeydə alınıb. Yanvar–aprel ayları üzrə isə artım 0,2 faiz olub.
İqtisadiyyatın əsas sektorları üzrə göstəricilər müxtəlif olub. Belə ki, neft-qaz sektoru üzrə ÜDM 16 milyard 125,4 milyon manat təşkil edib və 1,0 faiz azalma qeydə alınıb. Qeyri neft-qaz ÜDM isə 35 milyard 658,4 milyon manat olmaqla 0,4 faiz artıb.
Sənaye məhsulu 27 milyard 524,2 milyon manat həcmində olub və 0,2 faiz artım göstərib. Qeyri neft-qaz sənayesində isə 8 milyard 956,3 milyon manatlıq məhsul istehsal olunub və 5,8 faiz artım qeydə alınıb.
Kənd təsərrüfatı məhsulu 3 milyard 996,2 milyon manat təşkil edib və 2,3 faiz artıb.
Nəqliyyat və anbar təsərrüfatı xidmətləri 6 milyard 252,2 milyon manat olmaqla 6,8 faiz, informasiya və rabitə xidmətləri isə 1 milyard 628,1 milyon manat olmaqla 10,1 faiz artım nümayiş etdirib.
Pərakəndə ticarət dövriyyəsi 25 milyard 510,7 milyon manat olub və 3,8 faiz artıb.
Məlumata əsasən, əsas kapitala investisiyalar 6 milyard 650,1 milyon manat təşkil edib və 2,1 faiz azalma qeydə alınıb. Qeyri neft-qaz sektoruna investisiyalar isə 4 milyard 98,2 milyon manat olmaqla 14,7 faiz azalıb.