Ələtdə ilk yük hava limanı gələn il istismara veriləcək

Ələtdə ilk yük hava limanı gələn il

Azərbaycanı regionun əsas nəqliyyat və tranzit qovşağına çevirmək strategiyasında mühüm bir mərhələyə qədəm qoyulur. Ələt Azad İqtisadi Zonası (FEZ) ərazisində inşası davam edən, ölkənin azad iqtisadi zona formatlı ilk yük hava limanının gələn il rəsmən istismara verilməsi planlaşdırılır.

Bakıda keçirilən “Texnovasiya — dayаныqlı iqtisadi transformasiya naminə elm və innovasiya” forumunda çıxış edən İdarə Heyətinin sədri Valeh Ələsgərov layihənin gedişatı və zonanın gələcək perspektivləri barədə mühüm bəyanatlarla çıxış edib. Təməli 2024-cü ilin mart ayında qoyulan bu nəhəng obyekt hazırda tam sürətlə inşa edilir. İlkin olaraq sırf karqo daşımaları üçün nəzərdə tutulsa da, layihənin miqyası genişləndirilərək tammiqyaslı Beynəlxalq Hava Limanı statusuna qaldırılıb.

Ələt FEZ ərazisində 750 hektarlıq nəhəng sahəni əhatə edən hava limanının infrastruktur bünövrəsi qoyuldu və torpaq işlərinə başlanılıb.

Birinci faza çərçivəsində 4 000 metrlik uçuş-enmə zolağı, aerodrom işıqlandırma sistemləri və ilkin əməliyyat binaları tamamlanaraq hava limanı ilk karqo təyyarələrini qəbul etməyə başlayacaq.

İkinci faza çərçivəsində inzibati binalar, dəmiryolu ilə birbaşa inteqrasiya olunmuş karqo terminalları tikiləcək. Tam başa çatdıqdan sonra liman eyni vaxtda 21 iri gövdəli yük təyyarəsinə xidmət edə biləcək.

Valeh Ələsgərov öz çıxışında beynəlxalq investorların cəlb olunmasında yanaşma tərzinin dəyişdiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, müasir qlobal biznes mühitində şirkətlərə yalnız vergi və gömrük imtiyazları təklif etmək bəs etmir. Ələt FEZ-də sənaye torpaq sahələri hələ tələb yaranmadan əvvəl kommunal xidmətlər (su, işıq, qaz, rabitə) və yol infrastrukturu ilə tam təmin olunmuş vəziyyətə gətirilir. Bu "Hazır Paket" modeli xüsusilə vaxta qarşı həssas olan, yüksək texnologiyalar (High-Tech) və əczaçılıq sahəsində fəaliyyət göstərən qlobal istehsalçıların rayona cəlb olunmasında əsas rəqabət üstünlüyü yaradacaq.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tam mərkəzində yerləşən Ələt yük hava limanı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və mövcud dəmiryolu şəbəkəsi ilə multimodal (çoxşaxəli) inteqrasiya yaradacaq. Bu isə Azərbaycanın qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarətdəki çəkisinə misilsiz töhfə verəcək.