Azərbaycan BMT platformasında mina qurbanlarının səsi oldu

Azərbaycan BMT platformasında mina qurbanlarının

Azərbaycan Respublikası, 19 ölkənin daxil olduğu regionlararası qrup adından BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasının (CRPD) iştirakçı dövlətlərinin 19-cu Konfransının (COSP19) ümumi müzakirələrində birgə bəyanatla çıxış edib. Bəyanatda qlobal miqyasda əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə yanaşı, xüsusilə mina təhlükəsi və münaqişələrin yaratdığı fəsadlara qarşı təxirəsalınmaz beynəlxalq dəstəyin zəruriliyi diqqətə çatdırılıb.

Dünya əhalisinin təxminən 15%-i müxtəlif dərəcəli əlilliklə yaşayır. Bu nəhəng kütlənin hüquqlarının hərtərəfli qorunması CRPD çərçivəsində əsas vəzifə olaraq qalmaqdadır.

Bəyanatda diqqət xüsusi olaraq mina və digər partlayıcı qurğuların qurbanı olmuş, habelə silahlı münaqişələr zamanı zərər çəkmiş şəxslərin üzərinə yönəldilir. Mina təhlükəsinin yaratdığı humanitar fəsadların qarşısını almaq üçün beynəlxalq səviyyədə güclü və təxirəsalınmaz dəstək çağırışı edilir.

Münaqişələr zamanı və postmünaqişə mərhələsində əlilliyin birbaşa qarşısının alınması, artıq zərər görmüş insanların tibbi-sosial reabilitasiyası və onların yenidən cəmiyyətə tam inteqrasiya olunması üçün qlobal tədbirlərin genişləndirilməsi tələb olunur.

Azərbaycanın 19 ölkə adından belə bir bəyanatla çıxış etməsi, ölkənin özünün də uzun illərdir üzləşdiyi və postmünaqişə dövründə ən böyük maneəyə çevrilən mina problemini BMT platformasında qlobal gündəmə çevirmək məqsədi daşıyır. Bu addım humanist dəyərlərə söykənməklə yanaşı, həm də mina təhlükəsinə qarşı mübarizənin yalnız lokal deyil, beynəlxalq səviyyədə hüquqi və sosial məsuliyyət olduğunu bir daha xatırladır.