Körfəz Əməkdaşlıq Şurası İrana sərt xəbərdarlıq edib

Körfəz Əməkdaşlıq Şurası

Körfəz Əməkdaşlıq Şurası  İranın Bəhreyn, Küveyt və İordaniyaya qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyərək, Tehranı bu cür addımları dərhal və daimi olaraq dayandırmağa çağırıb.

İranın adıçəkilən ölkələrə yönəlmiş hücumlarından sonra KƏŞ-in Nazirlər Şurası Manama şəhərində fövqəladə iclas keçirib.

İclasın yekununda yayılan bəyanatda hücumlar “İranın məsuliyyətsiz və təxribatçı addımları” kimi qiymətləndirilib. Bildirilib ki, bu cür hərəkətlər regionda uzlaşma və yaxınlaşma səylərinə xidmət etmir, əksinə, uzun müddətdir təşviq edilən dialoq imkanlarını zəiflədir.

KƏŞ İranı Körfəz ölkələrini, onların maraqlarını və vətəndaşlarını hədəf alan bütün hücumları dərhal dayandırmağa çağırıb.

Bəyanatda həmçinin vurğulanıb ki, İranın düşmən xarakterli addımlarının, eləcə də bu addımların regional təhlükəsizlik, beynəlxalq dəniz daşımaları və enerji təchizatı üçün yaratdığı nəticələrin bütün məsuliyyəti Tehran rəhbərliyinin üzərinə düşür.

Körfəz ölkələri regionda sabitliyin qorunmasının və gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq, təhlükəsizliyə təhdid yaradan hərəkətlərə qarşı birgə mövqe nümayiş etdirdiklərini bildiriblər.

MONETAR.AZ