Böyük Britaniyanın paytaxtı Londonda rəqəmsal qiymətləndirmə sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri — e-Qiymətləndirmə Assosiasiyasının (e-Assessment Association – eAA) illik konfransı keçirilib. Qlobal miqyasda innovativ qiymətləndirmə texnologiyalarının müzakirə olunduğu bu platformada Azərbaycanı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
DİM rəsmiləri konfrans çərçivəsində dünyanın aparıcı təhsil və texnologiya qurumları ilə görüşərək imtahanların təhlükəsizliyi, idarəetmədə yeni texnologiyaların tətbiqi və süni intellekt (AI) imkanlarından istifadə istiqamətlərində geniş təcrübə mübadiləsi aparıblar.
Konfransın son günündə DİM-in Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov beynəlxalq auditoriya qarşısında xüsusi təqdimatla çıxış edib. Azərbaycanın rəqəmsal qiymətləndirmə modelini təhlil edən təqdimatın əsas parametrləri olaraq: "Kütləvi imtahanlarda elektron qiymətləndirmənin dürüstlüyü, etibarlılığı və şəffaflığının təmin edilməsi: Azərbaycanda on illik təcrübə" və kütləvi imtahanlarda insan faktorunu minimuma endirməklə obyektivliyin və məlumat təhlükəsizliyinin ən yüksək standartlarla təmin edilməsi metodologiyası əhatə edib.
Təqdimatın diqqət mərkəzində DİM tərəfindən yerli mütəxəssislərin gücü ilə qurulan və uzun illərdir ölkə miqyaslı imtahanlarda uğurla tətbiq olunan AYYS (Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemi) dayanıb. Bu sistem açıq tipli tapşırıqların (yazılı cavabların) yoxlanılmasında inqilabi keçid hesab olunur.
Azərbaycanın on illik elektron qiymətləndirmə təcrübəsi göstərir ki, böyük insan resursu tələb edən kütləvi imtahanları tam şəffaf idarə etmək mümkündür.
Dövlət İmtahan Mərkəzinin Londondakı bu çıxışı və nümayiş etdirdiyi AYYS proqram təminatı rəqəmsal təhsil texnologiyaları sahəsində Azərbaycanın regional liderlərdən biri olduğunu və qabaqcıl yanaşmalarının beynəlxalq standartlara tam cavab verdiyini bir daha sübut edib.