Hitrou hava limanı mənfəət proqnozunu aşağı salıb

Hitrou hava limanı mənfəət proqnozunu

Böyük Britaniyanın və Avropanın ən iri aviasiya qovşaqlarından biri olan Hitrou (Heathrow) hava limanı, Yaxın Şərqdə davam edən hərbi münaqişələrin qlobal turizm tələbinə mənfi təsiri fonunda 2026-cı il üzrə maliyyə gözləntilərini azaldıb.

İnvestorlara edilən rəsmi açıqlamaya görə, hava limanının əsas maliyyə göstəricisi olan düzəldilmiş EBITDA-nın ötən illə müqayisədə 147 milyon funt sterlinq (təxminən 7,4%) azalacağı gözlənilir. Bu rəqəm, ötən ilin dekabrında verilən nikbin proqnozla müqayisədə də 60 milyon funt sterlinq daha aşağıdır. Xatırladaq ki, hava limanı ötən ili 2,03 milyard funt sterlinq mənfəətlə başa vurmuşdu.

Hitrou rəhbərliyi ilk 5 ayda sərnişin sayında 0,7%-lik (32,8 milyon nəfər) cüzi artım qeydə alsa da, makroiqtisadi və geosiyasi təzyiqlər maliyyə balansını pisləşdirir. 

Böyük tutumlu təyyarələrin istifadəsi və tranzit sərnişinlərin hesabına ilin əvvəli müsbət başlasa da, Yaxın Şərqdəki qeyri-sabitlik regional reyslərin təhlükəsizlik risklərini artırıb və qlobal səyahət iştahını azaldıb.

Gəlirlərin azalması fonunda daxili inflyasiya təzyiqləri — əmək haqqı xərclərinin artması və kommersiya daşınmaz əmlak vergisinin yüksəlməsinin tam illik təsiri hava limanının xərclərini kəskin şəkildə artırır.

Hitrounun bu mənfi proqnozu dərhal birjalara təsir edib. Hava limanının əsas müştərisi olan "British Airways" aviaşirkətinin daxil olduğu "International Airlines Group" (IAG) korporasiyasının səhmləri açıqlamadan sonra ucuzlaşıb.

 Hitrou hər nə qədər maliyyə dayanıqlığının möhkəm olduğunu və 24 aylıq likvidlik ehtiyatının borcları sığortaladığını desə də, bu proqnoz korreksiyası qlobal aviasiya sektorunda "pandemiyadan sonrakı intibah" dövrünün yavaşladığını göstərir. Regiondakı müharibənin hava məkanlarını daraltması və daşıma xərclərini artırması yaxın aylarda digər Avropa aviaqovşaqlarının (Frankfurt, Paris) da bənzər mənfi proqnozlar verməsinə səbəb ola bilər.

MONETAR.AZ