Enerji təhlükəsizliyi və dəniz ticarəti üçün kritik əhəmiyyətə malik regionda geosiyasi gərginlik yeni mərhələyə qədəm qoyub. ABŞ və İran arasında müvəqqəti sülh sazişinin imzalanmasından sonra qeydə alınan ilk hərbi insidentə baxmayaraq, Hörmüz boğazında strateji gəmi hərəkəti bugün hər iki istiqamətdə davam edib.
"Bloomberg" və regional dənizçilik mənbələrinin məlumatına görə, Sinqapur bayrağı altında üzən və Tayvanın "Evergreen" şirkəti tərəfindən idarə olunan "Ever Lovely" konteyner gəmisinə Oman sahillərində (Dahit limanından 7.5 dəniz mili məsafədə) pilotsuz uçuş aparatı (PUA) və ya naməlum mərmi ilə zərbə endirilib. Hücum nəticəsində gəminin kapitan körpüyü zədələnsə də, xəsarət alan olmayıb və tanker hərəkətini davam etdirib.
İnsident bəzi Asiya gəmiçilik şirkətlərini riskləri yenidən qiymətləndirmək üçün gəmilərinə "yerində qalmaq" əmri verməyə məcbur etsə də, ümumi dəniz xətlərində iflic müşahidə olunmayıb.
Hörmüz boğazında baş verən bu son hadisə sübut edir ki, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs/saziş olduqca kövrək zəmin üzərində qurulub. Donald Tramp administrasiyası müvəqqəti paktın 5-ci bəndinə əsasən boğazda yalnız 60 günlük keçid haqqı qadağası nəzərdə tutsa da, Dövlət Katibi Rubio artıq bunun tamamilə qeyri-qanuni olduğunu elan edərək qəti "qırmızı xətt" çəkir.
İran isə hərbi təzyiq rıçaqından istifadə edərək Körfəz Əməkdaşlıq Şurası (GCC) və ABŞ-a mesaj verir: əgər sülh sazişinin yekun variantında Tehranın boğaz üzərindəki iqtisadi və inzibati maraqları (rüsum toplamaq hüququ) tanınmasa, gündəlik 20 milyon barreldən çox neftin daşındığı bu boğaz hər an yenidən aktiv müharibə zonasına çevrilə bilər.
MONETAR.AZ