Çinə neft idxalı 2016-cı ildən bəri ən aşağı səviyyəyə enib

Çinə neft idxalı 2016-cı ildən bəri ən aşağı

Qlobal enerji bazarlarının ən böyük hərəkətverici qüvvəsi sayılan Çindən neft sənayesini sarsıdacaq mühüm makroiqtisadi siqnallar gəlməkdədir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin, iyun ayında neft alışını kəskin azaldaraq son on ilə yaxın dövrün ən aşağı göstəricisini qeydə almağa hazırlaşır.

"Bloomberg" agentliyinin dəniz logistikasını izləyən analitik şirkət "Kpler"ə istinadən verdiyi hesablamalara görə, Çinin dəniz yolu ilə neft idxalı iyun ayında gündəlik orta hesabla 6,4 milyon barel təşkil edəcək. Bu göstərici 2016-cı ilin oktyabr ayından bəri qeydə alınan ən aşağı həddir və cəmi bir ay əvvəllə (may ayı) müqayisədə 8%-lik geriləmə deməkdir. Tədarük axınlarını izləyən "Vortexa" şirkətinin rəqəmləri də bu kəskin azalma trendini təsdiqləyir.

Çinin neft idxalını azaltması ilk baxışdan mənfi iqtisadi siqnal kimi görünsə də, qlobal bazarda qiymətlərin kəskin sıçrayışının qarşısını alan əsas faktor olub. Fevralın sonunda Yaxın Şərqdə (İran ətrafında) başlayan müharibə qlobal tədarük şoku yaratmışdı. Çin bu dövrdə adi istehlak səviyyəsi ilə müqayisədə gündəlik alışını 4 milyon barel azaltdı. Bu addım qlobal bazarda təklif qıtlığını kompensasiya edərək neftin bir barelinin qiymətinin 100 dollarlıq psixoloji həddi keçməsinə mane oldu.

Hazırda ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşması və Hörmüz boğazında tranzitin qismən bərpası fonunda indi bütün birja oyunçularının diqqəti tək bir suala yönəlib: Çinin neft tələbatı nə vaxt bərpa olunacaq?

Yaxın Şərqdəki gərginlik dövründə yaranan təklif şokunun fəsadlarını azaltmaq üçün Pekin daxili neft emalı zavodlarının (NEZ) yüklənmə səviyyəsini aşağı salıb və xaricdən baha qaz sənaye xammalı almaq əvəzinə özünün strateji kommersiya ehtiyatlarından (inventar) istifadə etməyə üstünlük verib. Eyni zamanda, daxili bazarı qorumaq üçün neft məhsullarının xaricə ixracı məhdudlaşdırılıb.

Çin iqtisadiyyatında, xüsusilə daşınmaz əmlak və ağır sənaye sektorlarında müşahidə olunan struktur soyuması daxili logistika, yükdaşıma və zavodların ümumi enerji və xammal istehlakını zəiflədib. Bu da xam neftə olan cari tələbi təbii olaraq aşağı çəkir.

Ən kritik və qalıcı faktor budur. Çində elektrikli nəqliyyat vasitələrinin (EV) və hibrid avtomobillərin kütləvi istehsalı və satışı dünyanı qabaqlayır. Analitiklərin rəyinə görə, yaşıl enerjiyə keçid səbəbindən neft istehlakında yaranan itkilərin bir hissəsi artıq geri dönməz xarakter daşıyır. Yəni nəqliyyatda benzindən elektrikə keçən kütlə bir daha neft istehlakçısına çevrilməyəcək ki, bu da mövcud aşağı idxal trendinin aylarla davam edə biləcəyini göstərir.

 Çinin neft idxalını gündəlik 6,4 milyon barelə salması enerji bazarlarında yeni bir epoxanın — "Pik Neft Tələbi" (Peak Oil Demand) dövrünün Çin üçün bəlkə də gözləniləndən daha tez başladığına işarə edir. Uzun illər qlobal neft qiymətlərini diktə edən Çin faktorunun zəifləməsi, hasilatçı ölkələr (məsələn, OPEC+ koalisiyası) üçün ciddi xəbərdarlıq siqnalıdır.

Yaxın Şərqdə atəşkəs təmin olunduqdan sonra bazara fiziki neft axını artsa da, Çin tərəfindən güclü bir tələb reaksiyası gəlməzsə, yaxın aylarda Brent markalı neftin qiymətləri üzərində aşağı yönümlü (medvıjiy / bearish) təzyiq daha da arta bilər. Bu reallıq neft gəlirlərindən asılı olan digər inkişaf etməkdə olan iqtisadiyyatların da büdcə proqnozlarına yenidən baxmasını zəruri edəcək.

MONETAR.AZ