Şimali Amerikada (ABŞ, Kanada və Meksika) reallaşan və tarixin ən böyük idman hadisələrindən biri olan 2026 FİFA Dünya Çempionatı (FIFA World Cup) start verdiyi ilk günlərdən etibarən ev sahibi şəhərlərin iqtisadiyyatına güclü təkan verib.
ABŞ-ın ən böyük maliyyə institutlarından biri olan "Bank of America" (BofA) tərəfindən açıqlanan son hesabata görə, turnirin qrup mərhələsi davam etdikcə, oyunların keçirildiyi şəhərlərdə ümumi istehlakçı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artıb. Bankın kredit və debet kartları üzrə ümumiləşdirilmiş tranzaksiya məlumatları yerli bizneslərin böyük gəlir dalğası ilə qarşılaşdığını göstərir.
Bankın analitikləri kart əməliyyatlarının həm sayını, həm də həcmini təhlil edərək artımın əsas hərəkətverici qüvvəsini müəyyən ediblər. Şəhərlərdə qeydə alınan xərclərin kəskin yüksəlməsi birbaşa xarici azarkeşlərin (qonaq ziyarətçilərin) hesabına baş verib. Beynəlxalq kartlarla satış nöqtələrində (POS-terminallar) həyata keçirilən əməliyyatların həcmi illik bazda 16,7% artım nümayiş etdirib.
Ən böyük maliyyə dövriyyəsi otelçilik (hoReCa), iaşə obyektləri (restoran və barlar), daxili nəqliyyat və rəsmi turnir atributlarının satışı (merchandising) sahələrində qeydə alınıb.
MONETAR.AZ