Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan Azərbaycan Nəşriyyatı MMC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
2025-ci il dekabrın 31-nə müəssisənin cəmi aktivləri 29,22 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ildəki 31,11 milyon manatla müqayisədə 1,89 milyon manat və ya 6,1 faiz azdır.
Aktivlərin əsas hissəsini 27,73 milyon manat məbləğində uzunmüddətli aktivlər, o cümlədən 27,73 milyon manat əsas vəsaitlər təşkil edib. Qısamüddətli aktivlər isə 1,49 milyon manat olub.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 4,08 milyon manat səviyyəsində qalıb. Bölüşdürülməmiş mənfəət (yaxud yığılmış zərər göstəricisi) 26,27 milyon manatdan 24,32 milyon manata enib.
Nəticədə cəmi kapital 30,35 milyon manatdan 28,40 milyon manata düşüb.
Maliyyə nəticələrinə əsasən, müəssisə 2025-ci ili 1,95 milyon manat xalis zərərlə başa vurub. 2024-cü ildə də şirkət 1,84 milyon manat zərər etmişdi.
Əsas fəaliyyət üzrə gəlirlər 5,11 milyon manat olub ki, bu da əvvəlki ilin 5,22 milyon manatlıq göstəricisindən bir qədər aşağıdır.
Ümumi mənfəət 3,29 milyon manat təşkil etsə də, yüksək inzibati və digər əməliyyat xərcləri yekun nəticədə zərərin yaranmasına səbəb olub. İnzibati xərclər 4,97 milyon manat, digər xərclər isə 5,42 milyon manat səviyyəsində qeydə alınıb.
Şirkətin pul vəsaitləri və onların ekvivalentləri il ərzində 390,6 min manatdan 535,1 min manata yüksəlib. Əməliyyat fəaliyyətindən əldə olunan xalis pul axını 190,1 min manat təşkil edib.
İnvestisiya fəaliyyəti üzrə isə əsas vəsaitlərin alınmasına 45,7 min manat yönəldilib.
2025-ci ilin sonuna müəssisənin cəmi öhdəlikləri 823,2 min manat olub. Bunun 233,8 min manatı uzunmüddətli, 589,5 min manatı isə qısamüddətli öhdəliklərdən ibarətdir.
MONETAR.AZ