Ölkədə nağdsız ölkədaxili əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artsa da, artımın strukturu bazarda ciddi disbalansı üzə çıxarıb.
Məlumata görə, may ayında kartlar vasitəsilə ümumilikdə 8 milyard 680 milyon manatlıq nağdsız əməliyyat aparılıb. Bu dövriyyənin 87,8 faizi, yəni 7 milyard 620 milyon manatı elektron ticarət, onlayn ödənişlər, mobil tətbiqlər və müxtəlif rüsum ödənişlərinin payına düşüb.
Diqqət çəkən məqam ondan ibarətdir ki, ölkədə POS-terminalların sayı illik müqayisədə 19,3 faiz artsa da, bu terminallar vasitəsilə həyata keçirilən əməliyyatların həcmi cəmi 1 milyard 58 milyon manat təşkil edib. Bu isə fiziki ticarət nöqtələrində kart ödənişlərinin gözlənilən səviyyəyə çatmadığını göstərir.
Ekspertlər bildirirlər ki, mövcud rəqəmlər nağdsız ödənişlərin əsasən onlayn əməliyyatlar və dövlət-texniki xidmət ödənişləri hesabına formalaşdığını ortaya qoyur. Real sektorda – mağaza, kafe və marketlərdə isə nağd pulun üstünlüyü hələ də davam edir.
MONETAR.AZ