Apple məhsullarının qiymətləri artıb

Apple məhsullarının

Apple qlobal çip və yaddaş komponentləri bazarında yaranan tədarük problemləri səbəbindən bir sıra məhsullarının qiymətlərini artırıb.

Şirkətin rəsmi internet mağazasında yenilənən qiymətlərə əsasən, Mac, iPad, ev ekosistemi məhsulları və Vision Pro qarışıq reallıq eynəyinin qiymətləri yüksəldilib.

Yeni qiymətlərə görə, MacBook Neo modelinin başlanğıc qiyməti 599 dollardan 699 dollara, Touch ID funksiyalı versiyası isə 799 dollara qaldırılıb.

MacBook Air modelinin başlanğıc qiyməti 1 299 dollar, 14 düymlük MacBook Pro 1 999 dollar, 16 düymlük versiya isə 2 999 dollar olub. Tam komplektasiyalı 16 düymlük MacBook Pro modelinin qiyməti isə 9 999 dollara çatıb.

Masaüstü kompüterlər arasında iMac 1 499 dollardan, Mac Studio isə 2 499 dollardan satışa çıxarılıb.

Planşetlərdə də qiymət artımı qeydə alınıb. 11 düymlük iPad Pro 1 199 dollara, 13 düymlük modeli isə 1 499 dollara yüksəlib. iPad Air 749 dollara, standart iPad 449 dollara, iPad mini isə 599 dollara satılacaq.

Şirkət ev texnologiyaları məhsullarında da qiymət artımına gedib. HomePod 349 dollara, HomePod mini isə 129 dollara yüksəlib. Apple TV qurğusunun yeni qiyməti 199 dollar təşkil edir.

Bundan başqa, Apple Vision Pro qarışıq reallıq eynəyinin başlanğıc qiyməti 3 699 dollara, 1 TB yaddaşa malik versiyası isə 4 199 dollara qaldırılıb.

Bununla yanaşı, qiymət artımı bütün məhsulları əhatə etməyib. Şirkət iPhone, Apple Watch və AirPods modellərinin qiymətlərini dəyişməz saxlayıb.

 MONETAR.AZ