Avropa aeroportları, 2026-cı ilin yay turizm mövsümünün ciddi xaos və nəqliyyat iflici ilə üzləşə biləcəyi barədə kəskin xəbərdarlıqlar edirlər. "Financial Times"ın məlumatına görə, böhranın əsas səbəbi Avropa İttifaqının Şengen zonasına daxil olan üçüncü ölkə vətəndaşları üçün tam tətbiq etməyə başladığı yeni rəqəmsal sərhəd nəzarəti sistemidir — Entry/Exit System (EES).
Avtomatlaşdırılmış köşklərin texniki nasazlıqları və biometrik məlumatların toplanması prosesinin ləngiməsi səbəbindən bəzi iri aeroport operatorları (xüsusilə İtaliya və Yunanıstanda) rəsmi Brüsselin icazəsini gözləmədən yoxlamaları birtərəfli qaydada dayandırmağa hazır olduqlarını bəyan ediblər.
Yeni sistem Şengen zonasının xarici sərhədlərində təhlükəsizliyi gücləndirmək və vizasız gün limitlərini avtomatlaşdırmaq məqsədi daşıyır.
Avropa Komissiyası (European Commission) sistemə qarşı yönələn kəskin tənqidləri rədd edir. Qurumun rəsmi bəyanatına görə, EES Şengen ölkələrində normal fəaliyyət göstərir. Brüssel hesab edir ki, yaranan tıxacların əsas səbəbi rəqəmsal qeydiyyat yox, aeroportların daxili struktur problemləridir: kadr çatışmazlığı, köhnəlmiş infrastruktur və uçuş slotlarının (saatlarının) düzgün planlaşdırılmaması.
Bununla belə, Avropa Komissiyası etiraf edir ki, sərhəd keçid məntəqələrində kritik yüklənmə olduqda, üzv dövlətlərin biometrik məlumatların toplanmasını müvəqqəti dayandırmaq və sistemi "pausa"ya qoymaq hüququ var. Artıq Yunanıstan bəzi qovşaqlarda Britaniya turistləri üçün bu addımı atıb, İtaliya da eyni taktikanı tətbiq etməyə hazırlaşır.
MONETAR.AZ