Asiya valyutalarının əksəriyyəti həftənin ilk ticarət günündə ucuzlaşıb. Yaponiya yeni son dövrün minimumlarına yaxın səviyyədə qalarkən, ABŞ dolları iki aylıq maksimuma yaxın mövqeyini qoruyub.
ABŞ və İran arasında davam edən qarşıdurmanın neft qiymətlərini yüksək səviyyədə saxlaması bazarlarda inflyasiya ilə bağlı narahatlıqları artırıb. İnvestorlar həmçinin inflyasiya göstəricilərinin açıqlanacağı və bir sıra əsas mərkəzi bankların pul-kredit siyasəti ilə bağlı qərarlar verəcəyi gərgin həftəyə hazırlaşırlar.
ABŞ dollarının əsas valyutalar qarşısındakı məzənnəsini ölçən DXY indeksi 0,2 faiz artaraq 101,12 bənd ətrafında qərarlaşıb. İndeks sentyabrı təxminən 1,7 faiz artımla başa vurmağa hazırlaşır ki, bu da iyun ayından bəri ən yüksək aylıq göstərici ola bilər.
USD/JPY məzənnəsi isə 0,3 faiz yüksələrək 157,78 səviyyəsinə çatıb.
ABŞ Prezidenti Donald Trampın İranla qarşıdurmanın nizamlanmasına və Hörmüz boğazından gəmiçiliyin bərpasına yönəlmiş razılaşmanı rədd etməsindən sonra neftin qiyməti də artıb. Brent markalı neftin bir bareli 1 faizdən çox bahalaşaraq 106 dolları ötüb.
Yüksək neft qiymətləri enerji təchizatında risklərin davam etməsi ilə yanaşı, qlobal inflyasiya təzyiqləri ilə bağlı narahatlıqları da gücləndirir.
Avstraliya dolları isə Avstraliya Ehtiyat Bankının (RBA) çərşənbə axşamı açıqlayacağı faiz qərarı ərəfəsində ciddi dəyişiklik göstərməyərək 0,70 dollar ətrafında qalıb. Bazar iştirakçıları RBA-nın uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,60 faizə çatdıracağını gözləyirlər. Bu halda faiz dərəcəsi təxminən son 15 ilin ən yüksək səviyyəsinə yüksələcək.
Gözlənilən artım cari il ərzində RBA-nın faiz dərəcəsini üçüncü dəfə yüksəltməsi demək olacaq. RBA rəhbəri Mişel Bullok son çıxışlarında enerji qiymətlərindən qaynaqlanan davamlı təzyiqin ümumi inflyasiyaya keçməsi riskinə diqqət çəkib.
Regionun digər əsas valyutalarından Çin yuanı da zəifləyib. USD/CNH məzənnəsi, yəni ofşor yuan qarşısında dollar 6,72 səviyyəsində qərarlaşıb. Ofşor yuan ayın əvvəlində möhkəmlənsə də, ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Tszinpin arasında üç gün davam edən danışıqlarda mübahisəli məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə olunmaması fonunda təzyiq altında qalıb.
USD/CNY, yəni onşor yuan qarşısında dollar isə cüzi artaraq 6,71 səviyyəsinə yüksəlib.
Bazarların diqqətində qarşıdakı günlərdə açıqlanacaq mühüm makroiqtisadi göstəricilər də olacaq. Çində emal sənayesi və xidmət sektorlarında biznes aktivliyini əks etdirən PMI indeksləri çərşənbə günü, Milli Gün münasibətilə başlayacaq birhəftəlik tətil ərəfəsində açıqlanacaq.
Yaponiyada avqust ayı üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar cümə günü dərc olunacaq. Həmin gün Avrozonanın inflyasiya göstəricilərinin də açıqlanması gözlənilir.
MONETAR.AZ