Treyderlər Çində sənaye müəssisələrinin mənfəət artımının zəifləməsi fonunda tələbat perspektivlərini qiymətləndirirlər. Qiymətlərdəki geriləmə Çində bir həftə davam edəcək bayram günləri ərəfəsində baş verib.
“Bloomberg” yazır ki, Çinin Dövlət Statistika İdarəsinin bazar ertəsi açıqladığı məlumatlara əsasən, ölkənin sənaye müəssisələrinin mənfəəti avqust ayında illik ifadədə cəmi 4,2 faiz artıb. İyul ayında bu göstərici 11 faiz təşkil edib.
Avqustdakı artım ötən ilin noyabrından, sənaye mənfəətinin azalmağa başladığı dövrdən bəri ən zəif nəticə olub. Çində Milli Gün münasibətilə bayram günləri 1-7 oktyabr tarixlərində davam edəcək.
London Metal Birjasında (LME) mis üzrə etalon fyuçerslərin qiyməti cümə günü ardıcıl ikinci həftəni artımla başa vurduqdan sonra həftənin ilk sessiyasında 1,3 faizədək ucuzlaşıb.
Bununla belə, mis bu il ərzində əhəmiyyətli bahalaşma nümayiş etdirib. ABŞ Prezidenti Donald Tramp administrasiyasının saflaşdırılmış misə tarif tətbiq edə biləcəyi ilə bağlı gözləntilər ABŞ-a idxalın artmasına səbəb olub. Bu isə digər bazarlarda metalın təklifinin azalmasına gətirib çıxarıb.
Çin bazarında təklifin məhdudlaşdığına dair siqnallar misin qiymətini rekord səviyyələrə yaxın saxlayır. Bununla belə, treyderlər ölkədəki makroiqtisadi göstəriciləri diqqətlə izləyirlər. İstehlak və investisiyaların zəifləməsi, biznes inamının aşağı səviyyədə qalması və hökumətin büdcə xərclərini məhdudlaşdırması sənaye metallarına tələbatla bağlı narahatlıqları artırır.
ABŞ-da isə investorların diqqəti Federal Ehtiyat Sisteminin (FED) oktyabr ayında faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərə yönəlib. Faiz dərəcələrinin yüksəlməsi adətən iqtisadi aktivliyə və nəticədə sənaye xammalına olan tələbatın zəifləməsinə səbəb ola bilər.
Sinqapur vaxtı ilə saat 11:01-ə olan məlumata görə, LME-də misin qiyməti 1 faiz azalaraq bir ton üçün 14 478 dollara düşüb. Sinkin qiyməti 0,9 faiz, alüminiumun qiyməti isə 0,7 faiz geriləyib.
MONETAR.AZ