Dünyanın aparıcı aviasiya lizinq şirkətlərindən biri olan İrlandiyanın “Avolon” şirkəti təyyarə parkını genişləndirmək üçün “Boeing” və “Airbus” konsernləri ilə ümumilikdə 250 yeni hava gəmisinin tədarükünə dair müqavilə bağlayıb. Razılaşma çərçivəsində Avropa istehsalçısından əlavə 100 təyyarə almaq hüququ da nəzərdə tutulub.
Dublində yerləşən “Avolon” Çinin “Bohai Leasing Co Ltd” holdinqinin törəmə müəssisəsidir. Şirkətin açıqladığı məlumatlara görə, yeni sifariş paketinə 140 ədəd “Boeing 737 MAX”, 75 ədəd “Airbus A320neo” və 35 ədəd “Airbus A330neo” təyyarəsi daxildir.
“Airbus” ilə razılaşmada nəzərdə tutulan əlavə 100 təyyarə üzrə opsiya hüququ isə sifariş portfelinin gələcəkdə daha da genişləndirilməsinə imkan yaradır. Həmin hava gəmilərinin dəqiq modelləri hələlik açıqlanmayıb.
Yeni sifarişlərin icrası “Avolon”un ümumi sifariş portfelini 749 təyyarəyə çatdıracaq. Bu göstərici şirkətin hazırda mülkiyyətində olan və idarə etdiyi 561 hava gəmisindən ibarət mövcud parkına əlavə olunacaq.
Razılaşma aviasiya lizinq bazarında iri həcmli təyyarə sifarişlərinin davam etdiyini göstərir. Aviaşirkətlərin donanmalarını yeniləməsi və genişləndirməsi fonunda yanacaq sərfiyyatı və əməliyyat səmərəliliyi baxımından üstünlükləri olan yeni nəsil təyyarələrə tələbat lizinq şirkətlərinin uzunmüddətli strategiyalarında mühüm yer tutur.
MONETAR.AZ