“Domino’s Pizza”nın rəhbəri Avstraliya və Yeni Zelandiya biznesini idarə edəcək

“Domino’s Pizza”nın rəhbəri Avstraliya və Yeni Zelandiya

“Domino’s Pizza Enterprises Group”un baş icraçı direktoru Endryu Qreqori şirkətin Avstraliya və Yeni Zelandiya (ANZ) üzrə biznesinin birbaşa idarəçiliyini öz üzərinə götürür. Bu barədə şirkət bu gün açıqlama yayıb.

Bəyanata əsasən, Avstraliya və Yeni Zelandiya bölməsinin icraçı direktoru Merrill Pereyra ilə şirkət rəhbərliyi onun vəzifədən ayrılması barədə qarşılıqlı razılığa gəlib. Yeni rəhbər təyin olunana qədər regiondakı əməliyyatlara Endryu Qreqori nəzarət edəcək.

“Domino’s Pizza Enterprises” yaxın vaxtlarda Avstraliya və Yeni Zelandiya bazarlarında fəaliyyətin idarə olunması üçün təcrübəli mütəxəssis axtarışına başlayacağını bildirib.

Şirkət Avstraliya, Yeni Zelandiya, Avropa və Asiyada “Domino’s” pizzaxana şəbəkəsinin əsas master-françayzisi kimi fəaliyyət göstərir. Hazırda qrup bütün əsas regionlarda satış həcmlərini qorumaqda çətinlik çəkir. Müştəriləri cəlb etmək üçün tətbiq edilən endirimlər və müxtəlif promosyon kampaniyaları isə gözlənilən nəticəni vermir.

Xüsusilə Asiya bazarındakı zəiflik şirkətin maliyyə göstəricilərinə mənfi təsir göstərir. Yaponiya və Tayvanda pizzaxanaların bağlanması prosesi sürətlənib. Bu müəssisələrlə bağlı aktivlərin dəyərinin silinməsi də şirkətin yekun maliyyə nəticələrinə və mənfəətliliyinə təzyiq yaradır.

Rəhbərlikdə baş verən dəyişiklik “Domino’s Pizza Enterprises”un əməliyyat problemləri və satışların qorunması ilə bağlı çətinliklərlə üzləşdiyi dövrə təsadüf edir. Avstraliya və Yeni Zelandiya biznesinin birbaşa baş direktorun nəzarətinə keçməsi regiondakı fəaliyyətin idarə olunmasında yeni mərhələdir.

MONETAR.AZ