Azərbaycanda dövlət qurumlarının balansında olan avtomobil və digər nəqliyyat vasitələri hərraca çıxarılacaq. Siyahıda 750 manatdan başlayan köhnə avtomobillərlə yanaşı, Range Rover, BMW, Mercedes-Benz və Toyota markalı nəqliyyat vasitələri də yer alıb.
Monetar.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən, hərrac noyabrın 17-də saat 10:00-da keçiriləcək.
Hərraca çıxarılan avtomobillər arasında ən ucuz təkliflərdən biri 1995-ci il istehsalı olan QAZ-31029 modelidir. Onun ilkin satış qiyməti 750 manat müəyyən edilib. 1997-ci il istehsalı olan Hyundai Elantra 1 500 manata, 2007-ci il istehsalı olan Chevrolet Niva modelləri isə 2 100 və 2 400 manata təklif olunur.
Daha yüksək qiymətə satışa çıxarılan avtomobillər arasında 2013-cü il istehsalı olan Range Rover Vogue 14 000 manat, 2011-ci il istehsalı olan Land Rover Freelander 11 000 manat, 2005-ci il istehsalı olan Toyota Avalon isə 3 750 manat ilkin qiymətlə yer alıb. Hərrac siyahısında 2006-cı il istehsalı olan BMW 730Li və 2005-ci il istehsalı olan Mercedes-Benz S-350 modelləri də var.
Bununla yanaşı, hərraca Müdafiə Nazirliyinin balansında olan çoxsaylı yük avtomobilləri, avtobuslar, qoşqular, traktorlar və digər xüsusi təyinatlı texnikalar da çıxarılıb. Bu nəqliyyat vasitələrinin bir qismi ayrı-ayrı deyil, böyük partiyalar şəklində satışa təqdim olunur. Belə partiyalar üzrə ilkin qiymətlər 243 900 manatdan 343 500 manatadək dəyişir.
Qeyd edək ki, siyahıdakı nəqliyyat vasitələrinin bir hissəsi təkrar hərraca çıxarılır. Bəzi avtomobillər üzrə ilkin qiymətlər əvvəlki hərraclarla müqayisədə 50 faizədək azaldılıb