Avropada təbii qaz fyuçersləri 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb. Bloomberg yazır ki, qiymətlərin enməsinə Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin sülh yolu ilə həllinə çalışmağa hazır olduğunu bildirməsi və hava proqnozlarının yaxşılaşması səbəb olub.
Amsterdamda ticarət zamanı əsas Niderland qaz fyuçersləri (TTF) 3,1% azalaraq megavatt-saat üçün 30,20 avroya düşüb.
Bazar üçün əsas hadisə Zelenskinin ABŞ və Rusiya tərəfindən hazırlanmış sülh planı üzərində işləməyə razılıq verməsi olub. Bu plan sanksiyaların ləğvini nəzərdə tutur.
Hazırda Rusiyanın Aİ qaz idxalındakı payı cəmi 10%-dən bir qədər çoxdur, lakin rus enerji daşıyıcılarının, o cümlədən neftin qlobal bazara əlavə həcmlərdə qayıtması perspektivi kotirovkalara təzyiq göstərərək onların ucuzlaşmasına səbəb olur.
Qiymətlərə hava proqnozları da təsir edir. Gözlənilir ki, noyabrın sonu və dekabrın əvvəlində Şimali-Qərbi Avropada temperatur iqlim normasına qayıdacaq və ya onu aşacaq. Bu da istilik üçün kəskin tələbat artımı ilə bağlı narahatlıqları azaldır, baxmayaraq ki, treyderlər qısamüddətli proqnozların yüksək dəyişkənliyi səbəbindən ehtiyatlı qalırlar.
Qiymətlərin enməsinə baxmayaraq, hazırkı ehtiyat vəziyyəti gərgin olaraq qalır. Son soyuq hava dalğasına görə anbarlardan qaz seçimi sürətlənib. Hazırda Avropa yeraltı qaz anbarlarının doldurulma səviyyəsi 81%-dən aşağıdır.
MONETAR.AZ