Avropanın ən böyük enerji şəbəkəsi operatorlarından biri olan “E.ON”un rəhbəri Leonhard Birnbaum kritik enerji infrastrukturuna qarşı fiziki və kiberhücumların artdığını bildirib. Onun sözlərinə görə, şirkətlər enerji sistemlərinin tam şəkildə qorunmasının mümkün olmadığını nəzərə alaraq, mümkün hücumların nəticələrinin operativ şəkildə aradan qaldırılmasına hazır olmalıdırlar.
Birnbaum çərşənbə axşamı keçirilən sahəvi konfransda çıxışı zamanı son illərdə həm fiziki, həm də kiberinsidentlərin sayının əhəmiyyətli dərəcədə artdığını və “E.ON”un şəbəkələrinə qarşı hücumların daha intensiv xarakter aldığını qeyd edib.
“E.ON” rəhbərinin sözlərinə görə, enerji şirkətləri öz infrastrukturunu bütün mümkün hücumlardan yüz faiz qorumağın mümkün olduğu düşüncəsindən uzaqlaşmalı və əsas diqqəti hücum baş verdiyi halda sistemin dayanıqlığının qorunmasına və fəsadların aradan qaldırılmasına yönəltməlidirlər.
Birnbaum bildirib ki, enerji şəbəkələrinin çoxsaylı obyektlərdən ibarət olması və onların geniş coğrafi ərazilərdə yerləşməsi kompleks təhlükəsizliyin təmin edilməsini çətinləşdirir.
Şirkətin rəhbəri “E.ON”un hazırda 2 720 yarımstansiyanı istismar etdiyini və onların hər birində fiziki mühafizə təşkil edilməsinin praktiki baxımdan mümkün olmadığını vurğulayıb.
Digər tərəfdən, Birnbaum Almaniyanın energetika tənzimləyicisi olan Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) enerji obyektlərinin yerli səviyyədə fiziki mühafizəsi ilə bağlı xərcləri qarşılamadığını qeyd edib.
Onun açıqlamaları Avropanın enerji infrastrukturunun artan fiziki və kiber təhdidlər qarşısında dayanıqlılığının gücləndirilməsi məsələsinin enerji şirkətləri üçün əsas prioritetlərdən birinə çevrildiyini göstərir.
MONETAR.AZ