ABŞ 2025-ci ildə gündəlik 1,26 milyon barel dizel ixrac edərək dünyada birinci olub. İlk beş ölkə birlikdə qlobal dizel ixracının 46,9 faizini təmin edib.
Monetar.az xəbər verir ki, Birgə Təşkilatlar Məlumat Təşəbbüsü (JODI) və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatları əsasında hazırlanan araşdırmada 2025-ci il üzrə dizel ixracı müqayisə edilib.
ABŞ-ın gündəlik dizel ixracı 1,264 milyon barel təşkil edib və bu, dünya ixracının 15,4 faizinə bərabər olub. Rusiya 783,4 min barellə ikinci, Səudiyyə Ərəbistanı 678,2 min barellə üçüncü yerdə qərarlaşıb.
İlk beşlikdə Hindistan və Cənubi Koreya da yer alıb. Hindistan gündəlik 567,1 min barel, Cənubi Koreya isə 561,1 min barel dizel ixrac edib. Bu ölkələrin qlobal ixracdakı payı müvafiq olaraq 6,9 və 6,8 faiz olub.
Niderland 459,8 min barellə altıncı, Sinqapur 365,9 min barellə yeddinci, Küveyt 289,2 min barellə səkkizinci, Belçika 230,5 min barellə doqquzuncu, Almaniya isə 214,3 min barellə onuncu yerdədir.
2025-ci ildə dünyada ümumilikdə gündəlik 8,216 milyon barel dizel ixrac edilib.
Regional bölgüdə Avropa 35,3 faizlə dünya dizel ixracında ən böyük paya sahib olub. Asiya-Sakit okean regionunun payı 28,9 faiz, Şimali Amerikanın 18,1 faiz, Yaxın Şərqin 15 faiz, Afrikanın 2 faiz, Latın Amerikasının isə 0,7 faiz təşkil edib.
Araşdırmada Niderland, Sinqapur və Belçikanın yüksək ixrac göstəricilərinin bir hissəsinin təkrar ixracla bağlı olduğu qeyd edilir. Bu ölkələr böyük ticarət mərkəzləri kimi dizeli idxal edir, saxlayır və qarışdırdıqdan sonra digər bazarlara göndərirlər.
ABŞ və Rusiyanın mövqeyi isə xüsusilə diqqət çəkir. İki ölkənin 2025-ci ildəki ümumi dizel ixracı dünya ixracının təxminən dörddə birinə çatıb.
Araşdırmada bildirilir ki, böyük ixracatçı ölkələrdə dizel ixracına tətbiq edilən məhdudiyyətlər qlobal yanacaq bazarına təsir göstərə bilər. ABŞ və Rusiyanın ixrac siyasətindəki dəyişikliklər digər ölkələrin dizel təchizatına çıxışına da təsir edə bilər.